Bu şəxslər 500 manatadək cərimələnə bilər
Azərbaycanda hərbi qulluqçuların törətdiyi bəzi inzibati xətalara görə məsuliyyətin sərtləşdirilməsi təklif olunub.
Yeni dəyişikliklər cərimələrin artırılmasını, müəyyən hallarda isə inzibati həbsin tətbiqini nəzərdə tutur.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, hərbi qulluqçuların törətdiyi inzibati xətalarla bağlı qəbul edilən qərarların və tərtib olunan protokolların surətləri dərhal hərbi prokurora göndəriləcək. Hərbi prokuror həmin sənədləri yoxlayaraq qanuni əsaslar olduqda müvafiq yazılı göstəriş verəcək.
Bundan başqa, inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi və ya icraata xitam verilməsi barədə qərarların qanuniliyi və əsaslılığı hərbi prokuror tərəfindən 30 gün ərzində yoxlanılacaq. Qərar qanunsuz və ya əsassız hesab edilərsə, hərbi prokuror onu ləğv edərək qanunvericilikdə nəzərdə tutulan müvafiq qərar qəbul edə biləcək.
Dəyişikliklərdə inzibati həbs nəzərdə tutulan işlərə baxılması qaydası da müəyyənləşdirilir. Belə ki, hərbi qulluqçunun xidməti vəzifələrini yerinə yetirməsi və ya digər üzrlü səbəblərdən məhkəməyə dərhal gəlməsi mümkün olmadıqda, eləcə də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun məhkəməyə gətirilməsi mümkün olmadıqda, işə müəyyən edilmiş prosessual müddətdə baxılması nəzərdə tutulub.
Layihə ilə İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan pozuntuya görə cəzanın da sərtləşdirilməsi təklif olunur. Belə ki, həmin pozuntuya görə məsuliyyətə cəlbetmə müddətinin üç ildən bir ilədək azaldılması, cərimənin isə 200 manatdan 300 manatadək müəyyən edilməsi nəzərdə tutulur.
Eyni zamanda, işin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq edilə bilər. Məcəllənin 613.4-cü maddəsi üzrə isə cərimənin 300 manatdan 500 manatadək artırılması, alternativ olaraq 10 gündən bir ayadək inzibati həbsin tətbiqi təklif edilib. Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə
Sfera.az






