“Əvvəl Əli Kərimlinin təhlükəsizliyindən danışırdılar, indi...”
“Son zamanlar müşahidə edilən beynəlxalq proseslər fonunda tam səmimiyyətlə demək mümkündür ki, artıq Qafqaz və Mərkəzi Asiyadan daha geniş bir coğrafiyada təhlükəsizlik arxitekturası Bakıdan diqtə olunur və hüquqi-siyasi məzmunda etimad quruculuğunun lokomotivi məhz Azərbaycandır”.
Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Deputat vurğulayıb ki, Azərbaycan tarixin bütün dövrlərində olduğundan çox daha güclüdür:
“Amma etiraf edək ki, iri qlobal subyektlərin maraqlarının təmərküzləşdiyi bir coğrafiyada nə maliyyə imkanlarımız, nə demoqrafik göstəricimiz bizim qlobal oyunçuya çevrilə bilməyimiz üçün təməl zəmin sayıla bilər. Bu reallığın təməlində yalnız bir amil dayanır – cənab İlham Əliyevin vizyonu və qətiyyəti. Bax buna görə, bu coğrafiyanın sərvətlərini və loqistik imkanlarını özününküləşdirmək istəyənlər, dolayısı ilə Azərbaycanı kiçik və gücsüz görməyə ümid edənlər üçün Azərbaycanın güclü mərkəzləşmiş hakimiyyəti və suveren qüdrəti arzuolunan deyil”.
B.Məhərrəmov qeyd edib ki, ölkədə son günlər müşahidə edilən proseslər imperializm və onun ucuz uzantılarının fürsət gözlədiyini göstərdi:
“Məsələn, bu günlərdə din amilinə əl atmaq istədilər, amma reallıqda bilirik ki, ölkəmizdə dövlət-din münasibətləri çox yüksək səviyyədə təşəkkül tapıb. Cənab İlham Əliyev 7 müsəlman dövlətinin ərazisindən daha böyük ərazidə məscidləri tapdaqdan qurtarıb və göstərib ki, bizim Vətən boyda imanımız var. Xatırlayırsız, radikal ünsürlər bir neçə həftə əvvələ qədər əlləri çatan bütün media qurumlarında hay-küy salırdılar ki, Əli Kərimli dindarla bir kamerada saxlanır və bu onun həyatı üçün təhlükə yaradır. İndi təsəvvür edin, bu təfəkkür saxtakarcasına “vicdan azadlığı”nın müdafiəsinə qalxıb”.
Azərbaycan-Türkiyə münasibətləri ətrafındakı müzakirələrə münasibət bildirən deputat vurğulayıb ki, iki ölkə arasındakı bağlar kövrək deyil:
“Azərbaycan və Türkiyə arasında münasibətlərlə bağlı xülyalara şahidlik etməkdəyik. Amma iki ölkə arasında münasibətlər o qədər kövrək deyil ki, uğursuz siyasi trollar tərəfindən yön verilsin. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı mərhələsinə Azərbaycanın öz hesabına qazandığı mütləq Zəfəri fonunda Şuşa Bəyannaməsi ilə yön verilib və cənab İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət göstərməkdədir ki, heç bir qüvvə bu reallığı dəyişə bilməz. Yəni mürəkkəb bir period keçdik, aydındır ki, tarix üçün belə situasiyalar yad deyil. Əsas belə proseslərdən güclü çıxmaqdır ki, Azərbaycan Prezidenti göstərdi ki, hər kəsi suverenlik xəttindən bəlli məsafədə saxlamağı bacarır və daxili yurisdiksiyamızda olan məsələlər barədə son sözü məhz milli iradə deyə bilər”.
Bəsti Rəfizadə






