Deputatdan ETİRAZ: "Hər həftə bir söz deyirlər"
“Son zamanlar Ermənistan rəhbərliyinin sülh gündəliyi ilə bağlıdəyişkən mövqelərini müşahidə edirik”.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov plenar iclas zamanı danışıb. O, Ermənistanın mövqeyi ilə bağlı öz fikirlərini səsləndirib:
“Bir həftə əvvəl sülh müqaviləsinin 2031-ci ilə qədər, bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalana biləcəyini bəyan edirlər. Bu faktın özü bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir.
Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil. Görünür, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt udmağa çalışır. Ona görə cənab Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən “sülh göyərçini” düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz, sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioriteti elan etməz, sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz”.
Deputat bildirib ki, İrəvanda hələ də illüziyalarla yaşayanlar var:
“Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə, vaxt uzatmaqla həm daxili auditoriyanı aldadıb, həm də xarici havadarlarının köməyiilə hansısa güzəştlərə nail ola bilərlər. Biz heç kimə güzəştə getmərik! Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır.
Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim bizim iradəmizə təsir edə bilməz.
Ərazi bütövlüyümüzü və suverenliyimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bərpa edib. Sülhü ilk təklif edən də biz olmuşuq, sülh müqaviləsinin mətninin müəllifi də bizik. Bugünkü praktiki sülhün təminatçısı da İlham Əliyevdir. Ermənistan rəhbərliyi geosiyasi konyunkturadan əl çəkməlidir. Xarici havadarlarının verdiyi silahlarla özlərini aldatmamlıdır.
Bilməlidirlər ki, Azərbaycanın hərbi gücü İkinci Qarabağ müharibəsindəkindən dəfələrlə çoxdur və bu, bizim dövlət siyasətimizin ən prioritet istiqamətlərindədir. Əgər həqiqətən sülh istəyirlərsə, boş bəyanatlar verməkdən əlçəksinlər, Zəngəzur dəhlizi ilə bağlı üzərlərinə düşən öhdəlikləri vaxtında icra etsinlər. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı hüquqi addımları atsınlar”.
Bəsti Rəfizadə
Sfera.az






