"Hər kəs Putinin əlində olacaq foto və videolardan şoka düşəcək"
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp haqqında kompromat xarakterli foto və videolara malik ola biləcəyini iddia edib.
O, həmçinin Ceffri Epşteyn işi ilə bağlı bütün sənədlər açıqlananda hətta Trampın tərəfdarlarının belə ortaya çıxan məlumatlardan şoka düşəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Hillari Klinton jurnalist Kara Svişerlə birgə təqdim etdiyi “High Stakes” (“Yüksək risklər”) podkastında danışarkən qeyd edib.
ABŞ və Rusiya arasında mümkün razılaşmalara, eləcə də Donald Tramp və Vladimir Putin arasındakı münasibətlərə toxunan Klinton bildirib ki, Trampın Putinə heyranlığı hələ 10 il əvvəl açıq şəkildə görünürdü.
Onun sözlərinə görə, Tramp həmin dövrdə Moskvada “Trump Tower” tikmək üçün biznes imkanları axtarırdı. Klinton qeyd edib ki, sonradan Trampın əksini iddia etməsinə baxmayaraq, onun 2016-cı il prezident seçkiləri kampaniyası dövründə də bu istiqamətdə fəaliyyətini davam etdirdiyi məlum olub.
Keçmiş dövlət katibi həmçinin Trampın ondan elektron poçt hesabına müdaxilə etməsini istədiyini iddia edib. Klintonun sözlərinə görə, həmin yazışmalarda ABŞ kəşfiyyatının Rusiyanın Trampın seçkilərdə qalib gəlməsinə necə kömək etməsi ilə bağlı məlumatları yer alıb.
Klinton Trampın özünə qarşı irəli sürülən iddiaları “Rusiya saxtakarlığı” adlandırmasına da münasibət bildirib. O, Trampın məhkəmədə və siyasi müstəvidə ona qarşı irəli sürülən iddialarla bağlı sübutları qəbul etmək istəmədiyini deyib.
“Qeydlər Putinin təkcə Trampı dəstəklədiyini deyil, həm də ona internet üzərindən kömək etmək üçün kəşfiyyat imkanlarından istifadə etdiyini inandırıcı şəkildə ortaya qoyur. Məni sıradan çıxarmağa çalışaraq ona kömək etdi”, – deyə Klinton bildirib.
Keçmiş dövlət katibi Rusiyanın Trampın prezident seçilməsini istədiyini vurğulayıb. O, bunun səbəbini özünün Putinlə qarşıdurmada olması və Rusiya liderinin həm Rusiya, həm Avropa, həm də ABŞ üçün zərərli hesab etdiyi addımlarını tənqid etməsi ilə əlaqələndirib.
Klinton xəbərdarlıq etdiyi məsələlərin və mövcud sübutların gerçəkləşdiyini iddia edərək Trampın Putinlə münasibətlərini tənqid edib.
“Tramp azadlığa, demokratiyaya və açıq desək, ABŞ-nin milli təhlükəsizliyinə bağlı olduğundan daha çox Putinə bağlıdır”, – deyə o bildirib.
Kara Svişerin Trampın bu addımları niyə məhz indi atdığı ilə bağlı sualını cavablandıran Klinton Ukraynanın özünü müdafiə etmək və müharibəni Rusiya ərazisinə daşımaq cəhdlərinin benzin və dizel qiymətlərinə təsir göstərirmiş kimi təqdim edilməsini tənqid edib.
Onun fikrincə, yanacaq qiymətlərinin artmasının əsas səbəbi Trampın İrana qarşı apardığı uğursuz və düşünülməmiş müharibədir.
Klinton bildirib ki, Tramp siyasi arqument yaratmağa çalışsa da, bu izahı ciddi qəbul edənlərin olduğunu düşünmür.
O, Trampın siyasətinin arxasında üç əsas amilin dayandığını iddia edib. Klintonun fikrincə, bunlardan birincisi Trampın rəqiblərini öldürmək də daxil olmaqla, istədiklərini edə bilən güclü liderlərə heyranlığıdır. O, ABŞ prezidentini nəzarətsiz hakimiyyətə sahib olmaq istəyən avtoritar lider kimi xarakterizə edib.
İkinci amil kimi Klinton Trampın Rusiya ilə daha çox maliyyə razılaşmaları əldə edərək gəlir qazanmaq istəyini göstərib. Onun sözlərinə görə, Trampın ailəsi və yaxın çevrəsinin Rusiya ilə neft-qaz, eləcə də kritik minerallarla bağlı razılaşmalar əldə etmək istədiyi barədə çoxsaylı məlumatlar yayılıb. Klinton Rusiya şirkətlərinin, o cümlədən “Lukoil”in aktivləri ilə bağlı mümkün sövdələşmələrə, eləcə də Ukraynanın sərvətlərinin bölüşdürülməsi və Kiyevin Rusiyanın işğal etdiyi ərazilərdən faktiki olaraq imtina etməsinə yönələn təşəbbüslərə diqqət çəkib.
“Trampın hər hansı addımını görəndə köhnə şüarı xatırlayın: Pulun izinə düşun, pulun izinə düşün”, – deyə Klinton bildirib.
Klinton üçüncü amil kimi Putinin Tramp haqqında kompromat xarakterli materiallara malik ola biləcəyini irəli sürüb.
“Putinin Tramp haqqında əlində müəyyən məlumatların olduğuna inanmağa davam edirəm. Onun fotoşəkilləri, videoları və ya başqa materialları saxladığını düşünürəm”, – deyə keçmiş dövlət katibi bildirib.
Klinton Trampın Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanmasına qarşı göstərdiyi müqavimətə də diqqət çəkib. O, bütün sənədlər ictimaiyyətə təqdim olunanda Trampı dəstəkləyən insanların belə həmin materiallarda prezident haqqında üzə çıxan məlumatlardan şoka düşə biləcəyini iddia edib.
Keçmiş dövlət katibinin fikrincə, Trampın siyasətinin arxasında avtoritar hakimiyyətə can atması, maliyyə maraqları və Putinin əlində olduğu iddia edilən materialların açıqlanmasının qarşısını almaq istəyi dayanır.
Qeyd edək ki, Klintonun Putinin Tramp haqqında foto və videolara malik olması ilə bağlı fikirləri onun şəxsi iddiasıdır. Təqdim olunan açıqlamada bu iddianı təsdiqləyən konkret sübut göstərilməyib.
Bəsti Rəfizadə
Sfera.az






