Lavrov Pezeşkianla nə danışacaq? - ŞƏRH
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul ediləcək.
Lavrov həmçinin iranlı həmkarı Əraqçi ilə danışıqlar aparacaq.
Maraqlıdır, Lavrovun Tehran səfərindən gözləntilər nələrdir? Rusiya İranla münasibətləri daha da möhkəmləndirməyə çalışır?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib. O, Rusiya və İran münasibətlərindən bəhs edib:

“Rusiya və İran strateji tərəfdaş, hətta bəzi məsələlər üzrə strateji müttəfiq dövlətlərdir. Rusiya və İranın Cənubi Qafqazda maraqları birmənalı şəkildə üst-üstə düşür. Eyni zamanda, Orta Asiyaya münasibətdə də bu iki ölkənin maraqlarında böyük ölçüdə uyğunluq mövcuddur. Ən əsası isə Yaxın Şərq böhranı ilə bağlı İran və Rusiyanın maraqlarında uzlaşma məqamları kifayət qədər genişdir. Təbii ki, bütün bunlar İran və Rusiya arasında daha genişmiqyaslı əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, qlobal məkanda vahid mövqedən çıxış edilməsi məsələlərinin müzakirə olunmasına zəmin yaradır. Böyük ehtimalla, bu məsələlər müzakirə oluna bilər. Həmin istiqamətdə müəyyən anlaşmaların əldə ediləcəyi də qətiyyən istisna deyil”.
Ekspert indiki mərhələdə Rusiyanın İrana ehtiyacı olduğunu açıqlayıb:
“Çünki son vaxtlara qədər Rusiya Ukraynaya qarşı İran istehsalı olan PUA-lardan istifadə edirdi. Hətta Rusiya ərazisində həmin PUA-ların istehsalı üçün müəyyən müəssisələrin yaradılması barədə də məlumatlar mövcud idi. Ancaq son vaxtlar İranın özünün silah-sursata ehtiyacı olduğuna görə rəsmi Tehran Rusiyaya göndərilən silahların həcmini nisbətən məhdudlaşdırmış ola bilər. Yəqin ki, bu istiqamətdə də müəyyən danışıqların keçirilməsi qətiyyən istisna deyil. Yəni indiki mərhələdə İran və Rusiyanın ortaq hərəkət etməyə üstünlük verəcəyi kifayət qədər ciddi məsələlər var. Yəqin ki, Lavrovun İrana səfəri çərçivəsində bütün bu mövzular ətrafında daha geniş müzakirələr aparıla və müəyyən anlaşmalar əldə oluna bilər”.
Bəsti Rəfizadə
Sfera.az






