Bizi kim düşmən etmək istəyir?
Bəzən iki dost ölkənin arasına nifaq salmaq üçün böyük hadisələrə, ciddi böhranlara ehtiyac olmur.
Bir mübahisəli mövzu, kontekstdən çıxarılan fikir, emosional ittiham və sosial şəbəkələrdə böyüdülən müzakirə də kifayət edir. Bir də baxırsan ki, illərlə bir-birinə qardaş deyən insanlar üz-üzə dayanıb, hər kəs qarşı tərəfdə günahkar axtarır.
Son günlər Azərbaycanda hicabla bağlı müzakirələrin ətrafında yaranan gərginlik də belə bir mənzərə ortaya çıxarıb...
Sadəcə maraqlı məqam budur ki, ortada mübahisələndiriləcək mövzu, müzakirəyə çıxarılacaq hansısa qərar yoxdur. Çünki ikitərəfli maraqlara uyğun olan, yaxud olmayan hansısa yeniliyə imza atılmayıb, məhdudiyyət gündəmə gəlməyib. Ortada sadəcə daxili auditoriyanın marağında olmalı olan və sadəcə Azərbaycan xalqı üçün nəzərdə tutulan bir məsələ var.
Məsələ dediyimiz də nə Pifaqor teoremidir, nə də Eynşteynin nisbilik nəzəriyyəsi. Söhbət məktəblilərin geyim tərzindən, daha dəqiq desək, təhsil müəssisələrində tətbiq olunan geyim qaydalarından gedir.
Yəni bu, bir ölkənin öz təhsil sistemi çərçivəsində müzakirə edə biləcəyi, qərar verə biləcəyi daxili məsələdir. Bunu iki ölkə arasında siyasi gərginlik predmetinə çevirməyin isə nə məntiqi, nə də zərurəti aydın görünür.
Mövzu təkcə məktəb, geyim və ya dini inancla bağlı müzakirə çərçivəsində qalmayıb. Türkiyədən səslənən bəzi fikirlər və Azərbaycana yönələn ittihamlar məsələni daha həssas müstəviyə daşıyıb. Sanki bir mövzu ətrafında fikir ayrılığı iki xalqın münasibətlərini sorğulamaq üçün fürsətə çevrilir.
Amma aşkar və düşündürücü bir sual var: Bizi kim düşmən etmək istəyir?
Əslində, Türkiyə ilə Azərbaycanın münasibətlərini anlamaq üçün bu gün sosial şəbəkələrdə yayılan, emosiyaları qızışdıran süni intellekt məhsulu olan görüntülərə deyil, bir az geriyə dönək, çətin günlərə...
Axı xalqlar arasındakı münasibətlər yalnız xoş sözlərlə, pafoslu siyasi bəyanatlarla deyil, dar gündə göstərilən münasibətlə ölçülür.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsi zamanı Türkiyədən gördüyü siyasi və mənəvi dəstəyi unutmayıb. Türkiyənin dövlət rəhbərliyindən tutmuş sıravi vətəndaşlarına qədər çoxları Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu dəstək Azərbaycan cəmiyyətində dərin iz buraxdı.
Həmin günlərdə Türkiyənin adı azərbaycanlılar üçün sadəcə başqa bir ölkənin adı deyildi. O adın arxasında mənəvi dayaq, ortaq tarix və qardaşlıq hissi vardı.
Eyni münasibət Türkiyə ağır günlər yaşayanda da özünü göstərdi. 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycan Türkiyəyə yardım göndərən, xilasedicilərini və humanitar dəstəyini səfərbər edən, hətta zərəçəkmiş insanlar üçün şəhərcik salan ölkələrdən biri oldu.
Unutduqmu qış geyimlərinin ciblərində göndərilən dəstək mesajlarını? Unutduqmu, o acını öz acımız kimi yaşamağımızı?
Belə münasibətlər bir neçə günün, bir siyasi çıxışın və ya hansısa mübahisənin nəticəsi deyil. Onlar illərlə formalaşır, nəsildən-nəslə ötürülür. Elə buna görə də bu gün bir mövzu ətrafında yaranan fikir ayrılığının bütöv münasibətlərin üzərinə kölgə salması təhlükəli yanaşmadır.
Hicab məsələsinə fərqli baxışlar ola bilər. İnsanlar dini azadlıq, məktəb qaydaları, təhsil mühiti və dünyəvilik barədə müxtəlif fikirlər səsləndirə bilərlər. Bu, normal müzakirənin bir hissəsidir. Ancaq hər hansı məsələ ilə bağlı mövqeyi tənqid etmək başqa şeydir, bütöv bir ölkəni, onun cəmiyyətini və dəyərlərini ittiham etmək tamam başqa...
Azərbaycanın öz dövlətçilik ənənələri, hüquqi çərçivəsi və ictimai reallıqları var. Türkiyənin də öz daxili siyasi mühiti və müzakirələri mövcuddur. Bir ölkədəki hər hansı məsələyə münasibət digər ölkədəki yanaşma ilə eyni olmaya bilər. Bu fərq avtomatik olaraq düşmənçilik demək deyil. Dostluq, qardaşlıq hər məsələdə eyni düşünmək deyil, fərqli düşünəndə də bir-birini dinləyə bilməkdir. Yaxud da ən azından susmaq.
Ən narahatedici məqam isə odur ki, bəzi səslər ayrı-ayrı məsələlərə münasibəti bütöv xalqların qarşıdurması kimi təqdim etməyə çalışır. Halbuki Türkiyədən gələn hər sərt fikir Türkiyə cəmiyyətinin hamısının mövqeyi olmadığı kimi, Azərbaycanda səslənən hər fikir də bütün Azərbaycan xalqının adından deyilə bilməz. Bir neçə şəxsin açıqlamasına görə milyonlarla insanı mühakimə etmək nə ədalətlidir, nə də münasibətlərin sağlamlığına xidmət edir.
Burada Türkiyə xalqı ilə Türkiyədəki ayrı-ayrı siyasi dairələri, Azərbaycan cəmiyyəti ilə dövlətin rəsmi mövqeyini də bir-birindən ayırmaq vacibdir. Siyasi mübahisələr dəyişə, ritorika sərtləşə bilər. Ancaq xalqların münasibətini gündəlik siyasi polemikaların girovuna çevirmək olmaz.
Sosial şəbəkələrdə isə vəziyyət daha da mürəkkəbləşir. Orada sakit izahdan çox sərt ittiham, arqumentdən çox emosional reaksiya diqqət çəkir. Yəni mübahisələndirilən məsələ konkret qərarın mahiyyəti, hüquqi əsasları deyil, emosional təqdimatın yaratdığı təəssüratdır.
Amma təəssüf...
Bir nəfərin yazdığı fikir yüzlərlə insan tərəfindən paylaşılır, müzakirə getdikcə kəskinləşir və ilkin məsələnin mahiyyəti arxa plana keçir. Beləcə, konkret bir mövzu ətrafında başlanan söhbət “siz bizə qarşısınız”, “biz sizdən fərqliyik”, "müsəlmanlığa zidd addımlar atırsınız", kimi təhlükəli ümumiləşdirmələrə çevrilir.
Bəs bu qarşıdurmadan kim qazanır?
Azərbaycanla Türkiyənin bir-birinə şübhə ilə yanaşması nə Azərbaycan vətəndaşının, nə də Türkiyə vətəndaşının maraqlarına uyğundur. İki ölkənin münasibətlərini zəiflədən hər bir süni gərginlik ortaq maraqlara, regional əməkdaşlığa və cəmiyyətlər arasında formalaşmış etimada zərər verə bilər. Bəzən məsuliyyətsiz açıqlamalar, siyasi ritorika və sosial şəbəkələrin emosional dili öz-özlüyündə gərginliyi artırmağa kifayət edir.
Məhz buna görə bu gün əsas məsələ bir-birimizi ittiham etmək deyil, hadisələrə soyuqqanlı yanaşmaqdır. Tənqid ola bilər, fikir ayrılığı ola bilər, amma qarşılıqlı hörmət sərhədi qorunmalıdır.Azərbaycan və Türkiyə münasibətlərinin gücü ondadır ki, bu əlaqələr yalnız rəsmi sənədlərdən və siyasi bəyanatlardan ibarət deyil.
Bu münasibətlərin arxasında ortaq tarix, dərin ailə bağları, mədəni yaxınlıq, qarşılıqlı yardım dayanır. Belə bir bağın bir neçə günün emosional müzakirəsi ilə ölçülməsi mümkün deyil.
Yəni necə olacaq, sadəcə orta təhsil müəssisəsi üçün tətbiq edilmiş bir qayda hər şeyin üzərindən qırmızı xətt çəkəcək?
Bəlkə də bu gün hər iki cəmiyyətdə ən çox ehtiyac duyulan şey bir az təmkin, bir az məsuliyyət və qarşı tərəfi dinləmək bacarığıdır. Çünki dostluq yalnız eyni fikirdə olanda deyil, fikir ayrılığı yarananda da sınaqdan keçir. Hicab məsələsi müzakirə oluna bilər, məktəb qaydaları mübahisə predmeti ola bilər, ayrı-ayrı şəxslərin fikirləri tənqid edilə bilər – amma yalnız Azərbaycanda...
Sonda yenə eyni sualın üzərinə gəlməli oluram - Kimdir müqəssir?
Kimdir iki qardaş ölkəni düşmən etmək istəyən? Və bundan hansı qazancı güdürlər?
Əzizə Zeynal
Sfera.az






