ABŞ-nin bomba xəbərinə İrandan CAVAB
İran müdafiə nazirinin müavini Seyid Məcid İbn ər-Rza ABŞ Prezidenti Donald Trampın Tehrana mümkün hücumlar zamanı “bombaların anası” kimi tanınan MOAB bombasından istifadə edilə biləcəyi ilə bağlı açıqlamalarına sərt cavab verib.
Sfera.az xəbər verir ki, İbn ər-Rza sosial şəbəkə hesabında paylaşım edərək Trampın “bombaların anası” ifadəsinə cavab verib. O, ABŞ-nin istifadə edə biləcəyi bombaların adının və ölçüsünün İran üçün əhəmiyyət daşımadığını vurğulayıb.
“Bombaların adının və ölçüsünün əhəmiyyəti yoxdur. Sizin bombanız qlobal nüfuzunuzda, ABŞ iqtisadiyyatında, hətta seçki hesablamalarınızda partlayacaq. Sizi bu gün ‘Salam, cənab’ deməyə məcbur edən və hesablamaları dəyişdirən bizim raketlərimizin gücüdür”, – deyə iranlı rəsmi bildirib.
CNN telekanalının oktyabrın 14-də ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Amerika ordusu Trampın hücumları yenidən başlatmaq qərarı verəcəyi təqdirdə İranın enerji infrastrukturu və nüvə obyektlərini hədəfə almaq üçün planlar hazırlayıb. Bu planlar çərçivəsində GBU-43/B MOAB bombasından istifadə variantı da nəzərdən keçirilir. Tramp isə “Newsmax” telekanalına müsahibəsində nüvə silahından istifadə etməyəcəyini deyib və MOAB bombasının nüvə silahı olmadığını vurğulayıb.
Bununla belə, ABŞ prezidenti sözügedən bombanın istifadəsinə icazə verib-verməyəcəyi barədə konkret açıqlama verməyib.
Qeyd edək ki, GBU-43/B MOAB ABŞ arsenalındakı ən böyük nüvə silahı olmayan bombalardan biridir. Təxminən 9 800 kiloqram ağırlığında olan bomba ilk dəfə 2017-ci ilin aprelində Əfqanıstanda İŞİD-in istifadə etdiyi tunel və mağara kompleksinə qarşı əməliyyat zamanı tətbiq edilib. Bombanın İrana qarşı istifadə olunması ehtimalı münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bununla yanaşı, mütəxəssislər bombanın yerin dərinliklərində yerləşən nüvə obyektlərini sıradan çıxarmaq baxımından nə dərəcədə effektiv ola biləcəyini də müzakirə edirlər.
Bəsti Rəfizadə






