Tramp Netanyahu barədə: “Siyasətdə heç kimə etibar etmirəm”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçki kampaniyasına qoşulmaq ehtimalı ilə bağlı açıqlama verib. O, İsrail rəsmilərinin belə bir addımı istədiklərini desə də, seçkilərdə Netanyahunu dəstəkləyəcəyinə dair söz verməyib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
ABŞ liderindən oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkilərinə müdaxilə etməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub. Netanyahu həmin seçkilərdə yenidən baş nazir postunu tutmağa ümid edir.
“Onlar mənim bunu etməyimi istəyərdilər. Bəli, istəyərdilər”, – deyə Tramp cavab verib.
O, Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu və birlikdə uğurlu nəticələr əldə etdiklərini bildirib. Lakin Trampdan İsrail hökumətinin başçısına etibar edib-etmədiyi soruşulduqda fərqli cavab verib.
“Düzünü desəm, mən heç kimə etibar etmirəm. Siyasət dünyasında heç kimə güvənmirəm”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İranla müharibə zamanı ABŞ və İsrail arasında hərbi əməkdaşlığı da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkənin birgə əməliyyatları Tehranın hərbi imkanlarına və rəhbərliyinə ciddi zərbə vurub.
ABŞ Prezidenti İsrail seçiciləri arasında yüksək nüfuza malik olduğunu da iddia edib. O, baş nazir postuna namizəd olacağı təqdirdə İsraildə səslərin 99 faizini qazana biləcəyinin deyildiyini bildirib.
Bununla belə, Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasını qarşıda çətin seçki mübarizəsi gözləyir. Son sorğulara əsasən, hazırkı baş nazirin siyasi bloku 120 deputatdan ibarət Knessetdə hökuməti formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilmir.
Sentyabrın 24-də İsrailin “Zman Yisrael” nəşrinin dərc etdiyi sorğuya görə, Netanyahunun tərəfdarları və rəqibləri hərəyə 53 mandat əldə edə bilər. Qalan 14 mandatın isə ərəb əhalisini təmsil edən partiyalara çatacağı ehtimal olunur.
Fatimə
Sfera.az






