ABŞ-nin Rusiyaya qarşı yumşaq siyasətinin səbəbi nədir? - ŞƏRH
Amerika Birləşmiş Ştatları Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib.
Avropadan fərqli olaraq, ABŞ-nin Rusiyaya münasibətdə mülayimləşməsi hiss olunur.
Vaşinqtonun daha yumşaq davranması nəyə xidmət edir? ABŞ bu addımla Rusiyanı danışıqlar masasına gətirməyə çalışır, yoxsa Moskva ilə gələcək iqtisadi əməkdaşlıq üçün zəmin hazırlayır?
Siyasətçi, Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli Sfera.az-a açıqlamasında qeyd edib ki, müasir müharibələr klassik müharibə modelindən fərqlənir:

“İlk baxışda klassik müharibə modeli təsiri bağışlasa da, məsələn, ABŞ-İran, Rusiya-Ukrayna münasibətlərində hazırda əsas nüans və məqam ərazi uğrunda deyil, mövqe uğrunda mübarizədir. Çünki İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya düzənində ikiqütblü dünya var idi. Bu, ABŞ-nin prinsiplərinə uyğun olmayan format idi. Amma SSRİ İkinci Dünya müharibəsindən qalib kimi çıxdığı üçün Vaşinqtonun bu istiqamətdə hər hansı maneə yaratmaq imkanı yox idi”.
Siyasətçi bildirib ki, onilliklər boyu bu gün NATO-nun və eyni zamanda Avropa İttifaqının üzvü olan ölkələrin təxminən üçdə biri SSRİ-nin nəzarətində idi.
SSRİ Kubaya nəzarət funksiyasını həyata keçirirdi. Hətta Kubada hərbi bazanın, tarixin müəyyən dövrlərində isə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı müzakirələr gedirdi:
“Bu məsələlər, sözsüz ki, Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik strategiyasına uyğun olmayan nüanslar idi. ABŞ hazırda dünya düzəninin dağılmasından maksimum şəkildə istifadə edərək təkqütblü dünya yaratmaq istəyir. Təkqütblü dünyada baş verən proseslər əslində bu məsələyə xidmət edir. ABŞ-nin dərin dövlətinin qarşısına qoyduğu əsas məqsəd və prioritet nəqliyyat dəhlizlərinə, eyni zamanda, enerji xətlərinə nəzarət imkanlarıdır”.
O vurğulayıb ki, Çin, Hindistan, Rusiya və digər dövlətlər çoxqütblü dünyanın formalaşması üçün maksimum dərəcədə fəaliyyət göstərirlər. Lakin ABŞ vahid liderliyini qorumaqla bağlı planlar qurur.
“Amerika Birləşmiş Ştatları yeni dünya düzənində Rusiyaya epizodik rol verilməsinin də əleyhinədir. Bu baxımdan, bu gün Rusiya ilə bağlı müəyyənləşdirilmiş siyasət onun iqtisadi və hərbi sahələrdə zəifləməsinə xidmət edir”.
Ekspertin fikrinə görə, Donald Trampın Rusiya ilə dizel ticarətinə icazə verməsi və bu istiqamətdə sanksiyaların aprel ayına qədər aradan qaldırılması əslində baş verən proseslərin istiqamətinə uyğun atılmış addım deyil. Çünki imzalanan və ya razılaşdırılan məsələlər nə dünyanın dizelə olan tələbatının tam ödənilməsinə, nə də ABŞ-nin zəruri ehtiyaclarının aradan qaldırılmasına imkan verəcək:
“İlkin partiya ABŞ-nin gündəlik istehlakı üçün yalnız 12 saatlıq tələbatı ödəməyə kifayət edir. Yəni burada söhbət qiymətin aşağı salınmasından deyil, sadəcə problemin təxirə salınmasından gedir. Çünki ara seçkilərə kifayət qədər az vaxt qalıb və Trampın mənsub olduğu partiyanın göstəriciləri yürüdülən siyasət nəticəsində müəyyən qədər geriləyib. Bu baxımdan, Tramp nümayiş etdirmək istəyir ki, baş verən proseslər yalnız ABŞ-İran münasibətləri kontekstində deyil, Rusiya-Ukrayna müharibəsi kontekstində də qiymətləndirilməlidir. Amma bu, inandırıcı görünmür”.
B. Həsənbəyli deyib ki, əslində baş verən proseslər Rusiyanın xeyrinə kimi təqdim olunur, lakin vəziyyət belə deyil:
“Sözsüz ki, bu məsələ Rusiyaya aid hər hansı məhsulla bağlı sanksiyaların aradan qaldırılması demək deyil. Bu məsələdə Rusiyaya hər hansı formada güzəşt edilməsindən söhbət gedə bilməz. Hörmüz boğazının ikiqat blokadada olması səbəbindən Rusiya neftinin satışına müəyyən mənada imkan yaranırdı. Çünki müharibədən əvvəl Rusiyanın neft ixracında Avropanın payı təxminən 45% idi, hazırda isə bu göstərici 10-15%-ə düşüb”.
Siyasi şərhçi xüsusi olaraq qeyd edib ki, hazırkı neft satışı ilə bağlı razılaşma müvəqqəti xarakter daşıyır. Ukraynaya kəşfiyyat məlumatlarının verilməməsi kimi addımlar müəyyən çətinliklər yaratsa da, əsas məqsəd Rusiyanı iqtisadi və hərbi cəhətdən zəiflətməkdir:
“ABŞ-nin uzunmüddətli məqsədi Rusiyanı 2008-ci ilə qədərki vəziyyətinə qaytarmaq, onu qarşıdurma tərəfi deyil, dialoq tərəfi olan dövlətə çevirməkdir. Buna görə də hazırkı razılaşmalar Vaşinqtonun strateji siyasətindən imtina etdiyi anlamına gəlmir”.
Fatimə Ələkbər
Sfera.az






