Azərbaycan-İsrail münasibətləri: "Bakı müstəqil siyasi xətt yürüdür"

Azərbaycan-İsrail münasibətləri: "Bakı müstəqil siyasi xətt yürüdür"
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Rəsmi məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə ediblər.

Görüş fonunda Azərbaycanın İsraillə əməkdaşlığının regional təhlükəsizlik və İranla münasibətlər baxımından yaratdığı imkanlar diqqət çəkir.

İsrail rəhbərinin Azərbaycana səfəri və keçirilən görüşlərlə bağlı fikirlərini Sfera.az-la bölüşən politoloq Abutalıb Səmədov bildirib ki, Azərbaycan xarici siyasətini müəyyənləşdirərkən ilk növbədə öz dövlət maraqlarını əsas götürür.

Onun sözlərinə görə, bölgədəki vəziyyət Azərbaycanın İsraillə hərbi əməkdaşlığının genişlənməsinə əsas yaradır:

“İlham Əliyevlə İsxak Hersoq arasında keçirilən görüşdə Azərbaycanın hava hücumundan müdafiə imkanlarının artırılması üçün silah tədarükü məsələsi də müzakirə oluna bilər. Tərəflər arasında digər hərbi sahələrdə əməkdaşlıq perspektivlərinin də gündəmə gəlməsi mümkündür. İsrail Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlarından biridir. Bununla yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin digər istiqamətlərdə də genişləndirilməsi üçün imkanlar mövcuddur”.

Politoloq yaxın aylarda əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin istisna edilmədiyini vurğulayıb. Onun fikrincə, iki prezidentin görüşünün İranda narazılıqla qarşılanmasının da mümkün olduğunu dedi:

“İranın siyasi rəhbərliyində Azərbaycanla münasibətlərə daha sərt yanaşan qüvvələr var və görüşdən sonra Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsi mümkündür. Belə açıqlamalar Azərbaycanın müstəqil xarici siyasətinə təsir göstərməyəcək. Azərbaycanın öz dövlət maraqları var və ölkənin xarici siyasəti nə İranın, nə də başqa dövlətlərin istəklərinə uyğun müəyyənləşdirilə bilər”.

Politoloq Azərbaycanın İranla normal qonşuluq və dostluq münasibətlərini davam etdirmək niyyətini də xatırladıb. Onun sözlərinə görə, Bakı bu mövqeyi həm İran Prezidentinə, həm də xarici işlər nazirinə bir daha çatdırıb:

“Azərbaycan ərazisinin İrana qarşı istifadə olunmasına imkan verilməyəcəyi dəfələrlə bəyan edilib. Azərbaycan indiyədək bu prinsipə əməl edib və bundan sonra da öz ərazisindən İrana qarşı hər hansı hərbi və ya digər fəaliyyət üçün istifadə olunmasına şərait yaratmayacaq. Azərbaycanın çətin məqamlarda İrana göstərdiyi yardımlar da unudulmamalıdır. Bakı həm qonşuluq münasibətlərini qorumağa çalışır, həm də regional təhlükəsizlik və milli maraqlarını təmin etmək üçün müstəqil qərarlar qəbul etmək hüququnu saxlayır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR