İran husilərin əli ilə Səudiyyəni hədəf alır? - AÇIQLAMA
Husilər yenidən Səudiyyə Ərəbistanın böyük şəhərlərini vurub.
Tramp iddia edir ki, bu zərbələrin endirilməsində İran hökumətinin rolu var.
Bəs İranın bu hücumlardan qazancı nədir? Husilərin Səudiyyə Ərəbistanının böyük şəhərlərinə hücumları İranın regiondakı təsir imkanlarını necə dəyişə bilər?
Suallara cavab olaraq Sfera.az-a açıqlama verən ssiyasi şərhçi Həşim Səhrablı bildirib ki, sifarişin İran tərəfindən olduğunu demək çətindir:

“İran sifariş edib və ya etməyib, bunu demək, əlbəttə ki, hələ tezdir. Çünki əlimizdə fakt olmadıqca və yaxud da ki, konkret şəkildə dəqiqləşdirmədikcə, bu iddia ilə bizim də çıxış etməmiz doğru olmaz. Lakin həqiqətən də Səudiyyə Ərəbistanına endirilən bu zərbələr kimə xeyir verir və zərbələri endirən tərəf kimə yaxındır desək, bütün oxlar onsuz da İranı göstərir”.
Onun sözlərinə əsasən, Tramp da məsələyə məhz bu nöqtədən yaxınlaşdığı üçün bu iddaları səsləndirib.
Ekspert bildirib ki, İranın Amerika Birləşmiş Ştatlarına geri püskürtmək, daxildə Tramp və onun partiyasına qarşı təzyiqi artırmaq, onları nüfuzdan salmaq, öz təhlükəsizliklərini daha yaxşı formada təmin etmək üçün əsas kartlarından biridir:
“Enerji təhlükəsizliyi məsələsi və qlobal arenada yaşanan enerji böhranı da buna səbəbdir. Yaxın Şərqdə baş verənlər enerji qıtlığı yaranmasına təkan verdi. Çünki qlobal marşrutlar işləmir və dünyanın ən böyük enerji ehtiyatlarına sahib ölkələrindən ikisi, hətta üçü Səudiyyə də, BƏƏ-də və İranın özündə ciddi raket zərbələrinə məruz qalma halları var. Bu ölkələr enerji resurslarını dünya bazarlarına əvvəlki kimi çıxara bilmirlər. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiyaların davam etməsi kimi hallar təsir etdi ki, enerji qiymətlərində həm bahalaşma olsun, həm də dünya bazarlarında çatışmazlıq yaransın. Bu baxımdan bu hadisə İrana sərf edib. Çünki bu qıtlıq yaşandıqca Amerikada da , Avropada da, şərq ölkələrində də, qərb ölkələrində də qiymətlər artacaq və Amerika seçicisi də bundan məsul kimi tutacaq. Burada Tramp və onun administrasiyasını, dolayısı ilə elə respublikaçıları da bu məsələyə görə məsul hesab edəcəklər. Bu da imkan verəcək ki, növbəti seçkilərdə onların səs qazanma potensialı kifayət qədər aşağı düşsün. İranın da istədiyi budur”.
H.Səhrablının fikrinə görə, husilərin zərbələri də Səudiyyə Ərəbistanına imkan verir ki, bu, əsas enerji ixrac edən ölkələrdən birində, Səudiyyədə problemi davam etdirsin, həm enerjinin özünün istehsalı yavaşlasın, həm də onun tranziti zərbə alsın:
“Amerika Birləşmiş Ştatlarının xarici siyasəti İrana zərbələr endirərkən ən çox istifadə etdiyi ölkələrdən ərazi olaraq biri də Səudiyyə Ərəbistanı idi. İndi bu zərbələr həm də bir növ Səudiyyə Ərəbistanının hakimiyyəti üzərində bir basqı formalaşdıracaq. Çünki ölkəyə zərbələr dəydikcə xalq daha narazı olmağa başlayacaq ki, İran ətrafında məsələlər onları hədəfə çevrir və nəticədə Səudiyyənin də infrastrukturuna ciddi zərbələr dəyir. Buna görə də, indi İran bir növ ona qarşı zərbə endiriləcək potensial coğrafi məkanların sayını azaltmış olur. Bu hücumlar regionda müharibənin genişlənməsinə və yeni cəbhələrin açılmasına səbəb ola bilər. Əgər husilər bu zərbələri dayandırmasalar və ya Səudiyyəyə vurulan zərərin miqdarı və keyfiyyəti artmağa davam etsə, əlbəttə ki, həm Səudiyyə hakimiyyəti özü, həm də onun tərəfdaşları bundan narahat olacaqlar və qarşı tədbirlər görmək məsələsi burada aktuallaşa bilər. Bax bu zaman, əlbəttə ki, onlar da əllərindəki olan imkanlarla İrana birbaşa hücum etməsələr də, onun bölgədəki proksi qüvvələrinə qarşı cəbhə ala bilərlər”.
O qeyd edib ki, Səudiyyə Ərəbistanının müttəfiqlərinin əlində ciddi imkanlar var, onlar İraqdakı, Suriyadakı və digər bölgələrindəki İrana yaxın qüvvələri neytrallaşdırmaq və riskləri sığortalamaq üçün faktiki əməliyyatlara başlaya bilərlər.
“İrana zərbə endirmədikcə təbii ki, bu beynəlxalq təzyiq də görməyəcək. Ancaq hələ ki bu addıma ehtiyac görmürlər. Ona görə ki, bu addımı atlıb sonda husiləri məğlub edə bilməsələr və husilər daha böyük zərbələr vursalar, o zaman Səudiyyə və onun müttəfiqləri daha çox şey itirəcəklər. Bu baxımdan hələ ki, buna ehtiyac görmürlər, ancaq husilər də dayanmasa və orta yol tapılmasa, prosesin qarşısını əngəlləmək və beynəlxalq rəqabətdə regional üstünlüyü itirməmək üçün buna qarşılıq verməyə məcbur qalacaqlar”.
Fatimə Ələkbər
Sfera.az






