Azərbaycan Mərkəzi Asiyaya yaxınlaşması nə vəd edir? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Asiyaya yaxınlaşması nə vəd edir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Azərbaycanın Mərkəzi Asiyaya yaxınlaşması təsadüfi diplomatik fəallıq deyil, ölkənin uzunmüddətli geosiyasi və geoiqtisadi maraqlarına əsaslanan strateji siyasətdir".

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib.

Ekspertin fikrincə, mühüm məqam Azərbaycanın geosiyasi təsir imkanlarının genişlənməsidir. Bakı bu istiqamətdə əlaqələrini genişləndirməklə həm beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməyə, həm də Avrasiya məkanında mühüm nəqliyyat, enerji və logistika mərkəzlərindən birinə çevrilməyə çalışır.

"Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətlərinə dair müqavilə də məhz bu strategiyanın tərkib hissəsidir. Burada söhbət yalnız iki dövlət arasında siyasi münasibətlərin inkişafından getmir. Əslində, Azərbaycan Mərkəzi Asiyanın türk dövlətləri ilə əməkdaşlığı daha yüksək institusional səviyyəyə çıxarmaqla Xəzər hövzəsi və Cənubi Qafqaz arasında yeni geosiyasi və iqtisadi əlaqələr sisteminin formalaşmasında iştirak edir. Azərbaycanın həmin region ölkələri ilə münasibətlərini dərinləşdirməsi Bakıya müxtəlif güc mərkəzləri ilə əlaqələrdə əlavə diplomatik və iqtisadi manevr imkanları yaradır. Bu siyasəti hansısa dövlətə qarşı yönəlmiş addım kimi deyil, Azərbaycanın çoxvektorlu xarici siyasətinin və tərəfdaşlıqlarını şaxələndirmək xəttinin davamı kimi qiymətləndirmək daha doğru olar”.


O, Orta Dəhlizin inkişafını vacib məsələlərdən hesab edir. M.Məmmədli qeyd edib ki, Çin və Mərkəzi Asiyadan Avropaya uzanan yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi ölkəmizin tranzit əhəmiyyətini artırır:

“Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla nəqliyyat əlaqələrinin genişlənməsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu infrastrukturunun və digər logistika imkanlarının daha səmərəli istifadəsinə şərait yarada bilər. Bu isə əlavə tranzit gəlirləri, yeni investisiyalar və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir”.


Ekspert enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya mövzusunu da xüsusi vurğulayıb:


“ Azərbaycan Mərkəzi Asiya ölkələri ilə neft-qaz daşımaları, bərpaolunan enerji, elektrik enerjisinin ixracı, sənaye və investisiya layihələri üzrə əməkdaşlığı genişləndirə bilər. Xüsusilə Xəzər üzərindən enerji və rəqəmsal kommunikasiya bağlantılarının inkişafı Azərbaycanın regional infrastruktur sistemində rolunu gücləndirmək potensialına malikdir”.


Onun fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi əsas məsələdir:


“ Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi daha sıx regional tərəfdaşlıq üçün imkanlar yaradır. Bakı bu prosesdə coğrafi mövqeyi və mövcud infrastrukturu sayəsində Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında əlaqələndirici rolunu inkişaf etdirə bilər.
Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas məqsədi ölkənin regional tranzit, enerji, ticarət və diplomatik əlaqələr sistemində mövqeyini möhkəmləndirməkdir. Bakı bu əməkdaşlıq vasitəsilə həm iqtisadi tərəfdaşlarını şaxələndirmək, həm də Avrasiya məkanında gedən inteqrasiya proseslərində daha fəal iştirak etmək imkanları qazanır”.


Mətin Məmmədli bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə yalnız tarixi və mədəni yaxınlığını gücləndirmir, həm də bu yaxınlığı konkret geosiyasi və iqtisadi imkanlara çevirməyə çalışır. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərinləşməsi regional əməkdaşlığın güclənməsi ilə yanaşı, ölkənin beynəlxalq nəqliyyat marşrutlarında, enerji layihələrində və iqtisadi inteqrasiya proseslərində rolunun artmasına xidmət edir.

Bu strategiyanın uzunmüddətli nəticələri isə tərəfdaşlıqların konkret layihələrə çevrilməsindən və əldə olunan razılaşmaların praktik icrasından asılı olacaq.


Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR