Fərhad Məmmədov: "İranda Azərbaycanın varlığını belə, təhdid kimi görənlər var"

Fərhad Məmmədov: "İranda Azərbaycanın varlığını belə, təhdid kimi görənlər var"
Kateqoriya məlum deyil
T

İranın dini-ideoloji əsaslara söykənən idarəetmə sistemi ölkənin yalnız daxili siyasətində deyil, xarici siyasətində də "mühüm" rol oynayır.

Tehran regional siyasətində dini və məzhəbi yaxınlıq amilindən istifadə edir, müxtəlif ölkələrdəki dini dairələrlə münasibətlərə xüsusi əhəmiyyət verir. Azərbaycanla münasibətlərdə də bu amilin təsiri zaman-zaman müzakirə mövzusuna çevrilir.

Azərbaycan dünyəvi dövlət modelinə malikdir və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Bununla yanaşı, ölkənin milli maraqları, müstəqil xarici siyasəti və dövlətçilik prinsipləri regional münasibətlərdə əsas prioritetlər kimi çıxış edir.

Azərbaycan Prezidenti yanında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, İran dövlətinin quruluşu vilayəti-fəqih sistemi ilə idarə olunur.

Vilayəti-fəqihin də əsas mənası odur ki, İran əhalisinin, yəni vətəndaşlarının seçdiyi prezidentin üstündə rəhbər – ali dini rəhbər durur:

“Dini rəhbər bütün müsəlmanların rəhbəri kimi, yəni artıq İran sərhədlərinə sığmayan bir lider kimi qeyd edilir. Beləliklə, bu dövlətin quruluşunda ideoloji xətt görünür və müsəlmanlar yaşayan bütün ölkələrdə ali dini rəhbərin fikirləri, əmrləri vətəndaşlar üçün İranın sərhədlərindən kənarda da işlək əmrlər kimi qalmaqda davam edir. Belə olan halda İranın da xarici siyasəti məhz ideoloji, yəni din üzərində qurulmuş xarici siyasətdir. Azərbaycan da İranla qonşu olduğu üçün bu dövlətin xarici siyasəti müsəlmanlara təsir edir".


Ekpert qeyd edib ki, İranda hal-hazırda ali dini rəhbərin ABŞ-İsrail koalisiyası tərəfindən öldürülməsindən sonra yeni bir şərait yaranıb və hərbçilər əsasən də SEPAH hakimiyyət qollarına təsirini artırıb:

“Azərbaycanın qarşısında İranın fərqli hakimiyyət qolları, fərqli siyasət həyata keçirir. Kimsə daha mülayim, kimsə daha aqressivdir. Son bir neçə gün ərzində İranın keçmiş xarici işlər naziri Məhəmməd Zərifin açıqlamaları yayılıb. Bu açıqlamadan da biz görürük ki, Azərbaycana qarşı münasibət birbaşa təhdid formasındadır. Yəni Azərbaycanın varlığı belə, İranda müəyyən dairələr hakimiyyəti təmsil eləyən dairələr tərəfindən təhdid kimi qiymətləndirilir və Azərbaycana olan münasibət də məhz bundan irəli gəlir.


Eyni zamanda bu, özlüyündə Azərbaycanın daxili işlərinə qarışmaq, dini faktordan istifadə edib Azərbaycanı da İrana bənzətməkdir. Məhz bu faktorlar da İran-Azərbaycan münasibətlərində hər zaman problemlər yaradır. Halbuki Azərbaycan Respublikası müstəqilliyi qazanandan bu yana İrana qarşı xoş münasibət göstərib və konstruktiv əlaqələrin formalaşmasının tərəfdarı kimi çıxış edib”.


F.Məmmədov vurğulayıb ki, daxildəki qrupların fərqləndirməyə qalanda ölkədə dindar kəsim əgər Azərbaycan konstitusya quruluşuna şübhə ilə yanaşmırsa, onu dəyişmək istəmirsə, bütün azadlıqlar təmin edilib.


“O qruplar ki, Azərbaycanın konstitusiya quruluşunu dəyişmək istəyir, bu artıq cinayətdir. Əgər inamlı insanlar yaşadıqları cəmiyyətin qaydalarını qəbul edirlərsə və bu qaydalar İslam dini ilə heç bir ziddiyyət təşkil etmirsə, onda bu qrupların fəaliyyəti tam azad hesab olunur. Həmin şəxslər öz əqidələrini həyata keçirə bilirlər.
Amma o qruplar ki, bu quruluşa qarşı fəaliyyətdə olurlar, onlar radikal qruplardır və artıq bu cinayət hesab edilir”.

Beləliklə, İranın dini-ideoloji siyasəti və bu siyasətin Azərbaycana mümkün təsirləri regionda diqqət çəkən məsələlərdən biri olaraq qalır.

Bu istiqamətdə baş verən proseslər isə milli təhlükəsizlik və dini radikalizmlə mübarizənin əhəmiyyətini bir daha gündəmə gətirir.


Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR