Gürcüstanla sərhədlərin dəqiqləşməsi Azərbaycana nə qazandıracaq?
“Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başa çatması regional təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və Orta Dəhlizə investisiya cəlbinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri iqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında Gürcüstanla sərhədlərin dəqiqləşməsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın Avropaya və dünyaya inteqrasiyasında mühüm istiqamətlərdən biridir:

“Azərbaycanın boru kəmərləri, qaz xətləri, dəmir yolları və əsas kommunikasiya marşrutları bu ölkənin ərazisindən keçir. Ermənistanla münasibətlərin sülh şəraitində olmadığını nəzərə alsaq, Gürcüstan istiqaməti Azərbaycanın həm Türkiyə, həm də Avropa ilə əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.
X.Kərimli vurğulayıb ki, dövlət sərhədinin dəqiqləşdirilməsi qeyri-müəyyənliyin aradan qaldırılmasına, təhlükəsizlik mühitinin gücləndirilməsinə və iki ölkə arasında sərhədlə bağlı mümkün problemlərin qarşısının alınmasına töhfə verə bilər:
“Delimitasiya və demarkasiya prosesinin başa çatması Orta Dəhlizin inkişafı baxımından da vacibdir. Belə ki, bu marşruta investisiya yatıran tərəflər Azərbaycan və Gürcüstan arasında sərhədlə bağlı məsələlərin aydın şəkildə həll olunduğuna əmin olmaq istəyirlər”.
İqtisadçı əlavə edib ki, sərhədlərin dəqiqləşdirilməsi regionda müəyyənlik, qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşmasına mühüm töhfə verir.
İradə Elsevər
Sfera.az






