Paşinyan İranla əlaqədən narahatdır: Nədən qorxur? - AÇIQLAMA

Paşinyan İranla əlaqədən narahatdır: Nədən qorxur? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın İranla dostluq münasibətlərini qorumaqda maraqlı olduğunu, lakin bu əməkdaşlığın Ermənistanın özünün sanksiyalara məruz qalması riskinə çevrilməsinə imkan verməyəcəklərini bildirib.


İrəvanın İranla iqtisadi əlaqələri hansı sahələrdə sanksiya riski yarada bilər? Paşinyan nədən ehtiyat edir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın açıqlaması Ermənistanın qarşısında dayanan əsas dilemma ilə bağlıdır.


Onun sözlərinə görə, Ermənistan bir tərəfdən İranla münasibətləri strateji əhəmiyyətli hesab edir, digər tərəfdən isə ABŞ və Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların Ermənistan iqtisadiyyatına və maliyyə sisteminə təsir göstərməsindən ehtiyatlanır.


“Paşinyanın konkret olaraq İran aviaşirkətlərinin Ermənistana uçuşlarını və ABŞ-ın İran aviasiya sektoruna qarşı sanksiyalarını nümunə göstərməsi də bu narahatlığın əsas istiqamətlərindən birini göstərir. Əslində isə risk yalnız aviasiya ilə məhdudlaşmır. Ermənistan-İran iqtisadi əlaqələrinin əsas istiqamətləri enerji, elektrik-qaz mübadiləsi, nəqliyyat, logistika, bank-maliyyə əməliyyatları və ticarətdir”, – politoloq qeyd edib.


Rəşad Bayramov bildirib ki, energetika sektoru xüsusilə həssas istiqamətlərdən biridir. Ermənistan İrandan qaz alır və bunun müqabilində elektrik enerjisi verir. İki ölkə arasında elektrik ötürmə xətləri fəaliyyət göstərir, yeni infrastruktur layihələri də həyata keçirilir.


“İkinci mühüm məsələ bank və maliyyə kanallarıdır. İranla bağlı sanksiyalar sərtləşdikcə İran şirkətləri ilə işləyən bankların, logistika və ödəniş sistemlərinin ikinci dərəcəli sanksiyalarla üzləşməsi ehtimalı artır. Bu səbəbdən Ermənistan üçün İranla həyata keçirilən ayrı-ayrı əməliyyatların sanksiya baxımından qiymətləndirilməsi vacibdir”, – R.Bayramov əlavə edib.


Politoloqun fikrincə, İrəvanın əsas narahatlığı İranla münasibətlərin özündən daha çox bu əlaqələr nəticəsində Ermənistan şirkətlərinin, banklarının və dövlət qurumlarının ABŞ sanksiyalarının təsir dairəsinə düşməsi ilə bağlıdır.


Politoloq Züriyə Qarayeva da Ermənistan üçün əsas risklərin energetika, nəqliyyat-aviasiya, maliyyə əməliyyatları və sanksiyaya məruz qalmış İran şirkətləri ilə əməkdaşlıq sahələrində yarana biləcəyini bildirib.


Onun sözlərinə görə, Ermənistanın İranla iqtisadi əlaqələrində enerji xüsusi yer tutur. Bununla yanaşı, nəqliyyat və infrastruktur layihələri də iki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindəndir.


“Ermənistan XİN-in məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 768 milyon dollara çatıb. Hazırda ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsi, xüsusilə aviasiya və digər strateji sektorları hədəfə alması İrəvan üçün əlavə risklər yaradır. Paşinyanın son açıqlaması da İran aviaşirkətlərinin Ermənistana uçuşları ilə bağlı sual fonunda səslənib”, – Züriyə Qarayeva bildirib.


Politoloq qeyd edib ki, Ermənistan paralel olaraq ABŞ və Avropa ilə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Bu baxımdan İrəvan üçün həm İranla ənənəvi münasibətləri qorumaq, həm də Qərbin sanksiya mexanizmlərinin təsir dairəsinə düşməmək məsələsi ön plana çıxır.


“Paşinyanın açıqlamasını İranla əlaqələri məhdudlaşdırmaq və ya kəsmək niyyəti kimi yox, Ermənistanın Tehranla münasibətlərini qoruyaraq sanksiya risklərini minimuma endirmək cəhdi kimi qiymətləndirmək olar. İrəvan üçün əsas məsələ İranla əməkdaşlığın hansı həddə qədər mümkün olmasıdır”, – politoloq vurğulayıb.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR