Aİ-də Mertsin mümkün istefasına hazırlıq görülür

Avropa İttifaqında (Aİ) Almaniya kansleri Fridrix Mertsin ölkə daxilində üzləşdiyi siyasi çətinliklər fonunda mümkün istefasının ittifaqa təsirləri müzakirə olunmağa başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bir sıra yerli seçkilərdə hakim partiyanın məğlub olması və ifrat sağçı qüvvələrin tarixi nəticələr əldə etməsi Mertsin siyasi mövqeyinə təzyiqləri artırıb. Bundan başqa, kanslerin sosial siyasətlə bağlı mövqeyi koalisiya daxilində də fikir ayrılıqlarına səbəb olub.
“Politico”nun məlumatına əsasən, artıq iki Aİ ölkəsinin hökuməti Mertsin mümkün istefasının ittifaqın siyasətinə təsirlərini qiymətləndirmək üçün daxili məsləhətləşmələr aparıb. Mertsin mövqeyinin zəifləməsinin Aİ-nin növbəti yeddiillik büdcəsi ilə bağlı danışıqları da çətinləşdirə biləcəyi bildirilir. Bununla belə, anonim diplomatlar kanslerin daxili siyasi mövqeyinin zəifləməsinin Almaniyanın Aİ büdcəsinə yanaşmasını yumşaldacağı qənaətində deyil. Əksinə, Mertsin ölkə daxilində siyasi uğur nümayiş etdirmək məqsədilə mövqeyini daha da sərtləşdirə biləcəyi qeyd olunur. Onun istefa verməsi halında isə mümkün varisin də oxşar siyasəti davam etdirəcəyi ehtimal edilir. Buna səbəb kimi Almaniyada Aİ büdcəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılmasına siyasi dəstəyin olmaması göstərilir.
Hazırda Almaniya Aİ büdcəsində xərclərin azaldılmasını müdafiə edən ölkələr sırasında yer alır. Almaniya ilə yanaşı İsveç, Finlandiya, Danimarka, Avstriya və Niderland da ümumi xərclərin azaldılmasını tələb edir. Xalis vəsait alan ölkələr, o cümlədən Polşa və Rumıniya isə öz paylarının qorunmasını istəyir. Aİ-nin 2028–2034-cü illəri əhatə edəcək növbəti yeddiillik büdcəsi üzrə danışıqlar davam edir. Avropa Komissiyasının təklifinə əsasən, inflyasiya nəzərə alınmaqla büdcənin ümumi həcmi 1,76 trilyon avro təşkil etməlidir. Lakin Almaniya da daxil olmaqla bir sıra ölkələr bu məbləği həddindən artıq yüksək hesab edir.
Firuzə Əliyeva






