Deputat: "Belələri Azərbaycana gətirilməlidir"

Deputat: "Belələri Azərbaycana gətirilməlidir"
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Siyavuş Novruz xaricdə yaşayan və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barələrində cinayət işi açılan şəxslərin ölkəyə ekstradisiyası məsələsinə toxunub.

Sfera.az xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan müxtəlif dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır, lakin bəzi ölkələrdə Azərbaycanla bağlı cinayətlərdə ittiham olunan şəxslərə dəstək göstərilir.

S.Novruz qeyd edib ki, Avropanın bəzi dövlətləri insan hüquqları məsələsini önə çəksələr də, Azərbaycanda müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərin öz ərazilərində fəaliyyət göstərməsinə imkan verirlər.

Deputat Azərbaycanın Vətən müharibəsi dövründə və sonrakı mərhələdə ölkə əleyhinə fəaliyyət göstərən şəxslərlə bağlı da konkret addımların atılmasının vacibliyini vurğulayıb.

“Biz dəfələrlə yaxınlığımızı, münasibətlərimizi düzəltmək istədiyimizi bildiririk. Lakin ərazisində saxladığı şəxslərə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən konkret olaraq cinayət işi qaldırılmasına, məhkəmə qərarı olmasına baxmayaraq, bu gün onların ekstradisiya olunması ilə bağlı heç bir addım atmır. Əksinə, ermənilər müxtəlif şəxslərə təşəkkürlərini bildirirlər. Bu, sırf Vətənə xəyanətdir”, – deyə deputat bildirib.

S.Novruz ABŞ-də yaşayan və Azərbaycanın əleyhinə çıxışlar edən şəxslərin də ölkəyə gətirilməli olduğunu deyib.

“Belələri Azərbaycana gətirilməlidir və Azərbaycanda qanunun aliliyi ilə, hüququn aliliyi ilə onların öz cəzalarına çatmalıdır ki, başqalarına da dərs olsun! Başqaları da öz vətənini, xalqını 5 manat pula və yaxud da bir çox şeyə, İspaniyada istirahətə satmasın!” – deputat vurğulayıb.

O bildirib ki, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində bu məsələləri gündəmdə saxlamalı və öz mövqeyini davam etdirməlidir. “Ona görə də biz qanunlarımızda da, qoşulduğumuz konvensiyalarda da bu məsələni əsas şərt kimi qoymalıyıq qarşımıza və sübut eləməliyik ki, istər Avropa Şurası, istər Avropa Parlamenti qəbul etdiyi qətnamələrə baxmayaraq, biz öz yolumuzla gedirik! Bizim yolumuz düzdür, haqq yoludur, ədalətdir!” – S.Novruz əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR