Sərhəd məsələsində yeni proses: mühüm addımlar gözlənilir

Sərhəd məsələsində yeni proses: mühüm addımlar gözlənilir
Kateqoriya məlum deyil
T

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası istiqamətində aparılan proses növbəti mərhələyə keçərkən, tərəflərin nəzarətində olan anklav və eksklavların taleyi də yenidən gündəmə gəlib.

Xüsusilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisində yerləşən Kərki kəndinin gələcək statusu diqqət çəkir. 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində olan kəndin Azərbaycana qaytarılması məsələsi uzun müddətdir iki ölkə arasında müzakirə olunan əsas sərhəd məsələlərindən biridir.


Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisi “Sputnik Ermənistan”ın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı sorğusuna cavabında bildirib ki, Ermənistan və Azərbaycan arasında anklav və eksklavlarla bağlı məsələlər sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq.

Bu açıqlama Kərkinin taleyinin də sərhədin delimitasiyası üzrə danışıqların gündəliyinə daxil ola biləcəyini göstərir. Bəs proses hansı mərhələdədir və yaxın zamanlarda Kərkinin Azərbaycana qaytarılması istiqamətində konkret addım atılması real görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, delimitasiya komissiyaları artıq praktiki mərhələdədir.

Onun sözlərinə görə, aprel ayında keçirilmiş 13-cü birgə iclasda tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına dair üç təlimat layihəsinin mətnini razılaşdırıblar və bunu təsdiq üçün hökumətlərinə təqdim etməyi qərara alıblar:

“Proses artıq real sərhəd xətlərinin müəyyənləşdirilməsinə keçib. İndiyədək 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndi geri qaytarılıb. Yəni presedent artıq mövcuddur. Ekspertlər və Ermənistan tərəfindəki müzakirələr göstərir ki, proses coğrafi olaraq şimaldan cənuba doğru irəlilədikcə, gec-tez Kərki məsələsinə də çatacaq, xüsusən Zəngəzur dəhlizi ilə bağlı TRIPP layihəsinin gündəmə gəlməsi bu istiqamətdə təzyiqi artırıb”.

Millət vəkili qeyd edib ki, bəlkə də Zəngəzur dəhlizi, TRİPP layihəsi ilə əlaqədar bu məsələ daha tez həll oluna bilər.

İstənilən halda Kərki kəndi Azərbaycana qaytarılacaq. Qeyd edək ki, Kərki kəndi Azərbaycanın əsas ərazisindən ayrı düşən anklav deyil, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən və hazırda Ermənistanın nəzarətində olan Azərbaycan kəndidir.

Kənd 1990-cı ilin yanvarında Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib. Kərkinin ərazisi təxminən 19 kvadrat kilometrdir. Maraqlıdır ki, kənd Azərbaycanın digər əraziləri ilə birbaşa quru əlaqəsi olmayan strateji mövqedə yerləşir və Naxçıvanı Ermənistan ərazisindən ayıran əsas yolun yaxınlığındadır. Buna görə Kərkinin məsələsi yalnız ərazi mübahisəsi deyil, həm də Azərbaycan-Ermənistan sərhədinin gələcək konfiqurasiyası baxımından diqqət çəkən məsələlərdən biri hesab olunur.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR