Rusiya və İranın diplomatiya mesajının arxasında nə dayanır? - AÇIQLAMA

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Nyu-Yorkda görüşüblər. Görüş zamanı İran ətrafındakı böhran müzakirə olunub.
Moskvanın məlumatına görə, tərəflər böhranın diplomatik həllinin alternativinin olmadığını bildiriblər. Bu açıqlama İran ətrafında gərginliyin davam etdiyi bir vaxtda Moskvanın diplomatiyanı əsas çıxış yolu kimi gördüyünü göstərir.
Rusiya və İranın “böhranın diplomatik həllinin alternativi yoxdur” mesajı nə vəd edir? Bu açıqlama real danışıqlar prosesinin başlanmasına zəmin yarada bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı Rusiya tərəfinin heç bir halda İran ətrafındakı müharibənin bitməsini istəmədiyini qeyd edib:

“Çünki özü Ukraynada böyük müharibə aparır və istər-istəməz bu müharibədə bütün diqqətlərin Ukrayna cəbhəsinə yönəlməsini istəmir. Amerika Birləşmiş Ştatlarının da bütün diqqətinin Uzaq Şərqə yönəlməsi Kremlin işinə yarayır. Eyni zamanda, unutmayaq ki, İran məsələsində Rusiyanın da masada müəyyən qədər irəli sürdüyü şərtlər var. Məsələn, dünya mətbuatında da bu barədə məlumatlar yayılmışdı ki, Rusiya özünün, yəni yaxın müttəfiqini meydanda tək qoydu. Doğrudan da, İran müharibəsi başlayandan sonra Rusiyanın mövqeyində ikibaşlı siyasət gördük. Hətta bəzi hallarda Rusiyanın İranı meydanda tək qoyduğunun şahidi olduq. Bu da qarşılıqsız deyildi. Böyük ehtimalla, Amerika ilə müəyyən gizli anlaşmanın olması da istisna deyildi. Diqqət edirsinizsə, İran müharibəsi başlayandan sonra Amerikanın, yəni Trampın Rusiya ilə bağlı ritorikasında kifayət qədər yumşalma müşahidə olunur. Artıq bu günlərdə Putin G20 sammitinə Tramp tərəfindən dəvət olundu. Bütün bunların hamısı təsadüfi deyil və buna səbəb olan amillər sırasında, təbii ki, İran böhranı da var”.
Ekspert istənilən halda hərşeyin göz önündə olduğunu bildirib və qeyd edib ki, Rusiya da bilir ki, bu böhran nə qədər davam edərsə, yaxın müttəfiqinin vəziyyəti getdikcə pisləşəcək:
“Sanksiyalar ard-arda gəlir, eyni zamanda İranın vəziyyəti də heç ürəkaçan deyil. Rusiya isə İranın zəifləməsini, məğlub olmasını istəmir. Bu baxımdan müəyyən qədər ehtiyatlı davranmaq yönündə də bu fikirlər səslənə bilər. Amma istənilən halda diplomatik yol axtarırsa, Rusiya tərəfi Ukrayna ilə bağlı da öz addımını atmalıdır. Bu baxımdan hesab edirəm ki, bu fikirlər imitasiya xarakterli addımlardan başqa bir şey deyil. Danışıqlar üçün zəmin görünürmü? Hazırkı vəziyyətdə mən bunu görmürəm. Çünki elə son olaraq BMT Baş Assambleyasının 80-ci sessiyasında İran prezidentinin etdiyi çıxış da bunu göstərdi. Müzakirə Pezeşkianın çıxışından sonra sanki hər şeyi sıfırladı və yenidən başladı. Xüsusilə onun Trampa yönəlik sərt açıqlamalarının şahidi olduq. Eləcə də onun çıxışından bir gün əvvəl Netanyahu çıxış etdiyi zaman ona göstərilən münasibət, demək olar ki, böyük bir hissənin onun çıxışını dinləməyərək zalı tərk etməsi göstərdi ki, tərəflərin kompromisssiz savaşa deyil, savaşın bitməsi üçün bir araya gəlməsi hələlik mümkün deyil.
Bu baxımdan, ən azı İran böhranının, İran müharibəsinin gələn ilə keçəcəyi düşünülür. Artıq Tramp da bununla barışıb. Seçkilərə, yəni Amerikadakı aralıq seçkilərinə bir ay qalır. Bu bir ay müddətində nə Ukrayna cəbhəsində, nə də İran cəbhəsində hər hansı nəticələrin əldə olunacağı real görünür. Amma istənilən halda, nə qədər şablon xarakterli olsa da, bu böhranın diplomatik həllinin alternativinin olmadığı fikri bütün dünyada hamı tərəfindən dəstəklənir və sonda, təbii ki, diplomatik yolla bu müharibə sonlandırılacaq. Amma indiki halda bu müharibənin sonlandırılacağı, dediyim kimi, real görünmür. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Rusiya və İran cəbhəsi, yəni Rusiya və İran ətrafında baş verənlər bir-biri ilə birbaşa bağlıdır. Ukrayna cəbhəsində kompromisə gəlinəcəyi zaman onun ardınca İran cəbhəsində də kompromis əldə olunacaq. Ona görə də düşünürəm ki, bir-biri ilə qırılmaz tellərlə bağlı olan hər iki müharibənin bitməsi üçün real şərait hələ yetişməyib. Bu şərait böyük ehtimalla gələn il yarana bilər. Amma bunun da o qədər davamlı olacağı, yəni bunun da İranla bağlı uzunmüddətli olacağı gözlənilmir”.
Bəsti Rəfizadə






