Armen Qriqoryan: Azərbaycandan qaz ala bilərik

Ermənistanın Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan ölkəsinin gələcəkdə Azərbaycandan təbii qaz ala biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında belə bir imkan yaranacağı və məsələ müzakirə olunacağı təqdirdə Ermənistanın Azərbaycandan, eləcə də İrandan təbii qaz alacağını bildirib. Qriqoryanın sözlərinə görə, Ermənistan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müxtəlif ölkələrlə müzakirələr aparır.
O qeyd edib ki, Ermənistan elektrik enerjisindən istifadənin genişləndirilməsi, nüvə enerjisi və günəş enerjisinin inkişaf etdirilməsi ilə yanaşı, bütün ölkələrlə ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Ermənistan rəsmisi həmçinin Türkiyə ilə sərhədin yaxın gələcəkdə açılacağını, Azərbaycanla yekun diplomatik münasibətlərin qurulacağını və region ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığın genişləndiriləcəyini deyib.
Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin də mümkün olan bütün ərazilərdə başa çatdırılacağını vurğulayıb.
Firuzə Əliyeva






