Zelenski: Tramp və Putinlə üçtərəfli görüşə hazıram

Zelenski: Tramp və Putinlə üçtərəfli görüşə hazıram
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda keçirdiyi görüşdən sonra mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün liderlər səviyyəsində danışıqların aparılmasının vacib olduğunu bildirib.

Zelenski Trampla görüşündə müharibənin mümkün qədər tez başa çatdırılması üçün atılacaq addımların müzakirə edildiyini deyib. O, liderlərin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.

Ukrayna lideri Putinlə görüşməyə hazır olduğunu bildirərək, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi üçün təşəbbüs göstərə biləcəyini söyləyib.

Zelenski belə bir görüşdə müharibənin başa çatdırılması ilə bağlı mühüm məsələlərin müzakirə oluna biləcəyini qeyd edib. O, “Üçtərəfli görüşə hazıram, amma Putinin buna hazır olduğunu düşünmürəm. O, müharibəni bitirməyə hazır deyil” deyib.

Zelenski Trampla görüş zamanı enerji infrastrukturuna hücumların dayandırılması məsələsinin də müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Ukrayna qarşılıqlı enerji atəşkəsinə hazırdır.

“Enerji sektorumuzu hədəfə almadıqları təqdirdə enerji atəşkəsinə hazırıq”, – deyə Zelenski bildirib. O, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı halda, Kiyevin də Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu vurğulayıb. Zelenski Ukraynanın bu təklifinin ABŞ tərəfindən Rusiyaya çatdırılacağını və Vaşinqtonun prosesdə iştirak edəcəyini qeyd edib.

Ukrayna Prezidenti Trampla görüşdə Patriot hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin istehsalı üçün tələb olunan lisenziya məsələsinin də müzakirə edildiyini açıqlayıb.

Zelenski daha əvvəl ABŞ-dan müvafiq istehsal lisenziyalarının tələb olunduğunu xatırladaraq, amerikalı rəsmilərlə danışıqların davam etdiyini bildirib. Ukraynada Patriot raketlərinin istehsalına başlanmasının təxminən 1-1,5 il çəkə biləcəyi qeyd olunub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR