Viza rejimi sadələşdirilir: Azərbaycan nə qazanacaq?

Viza rejimi sadələşdirilir: Azərbaycan nə qazanacaq?
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici siyasətində diplomatiyanın coğrafiyasını genişləndirmək və beynəlxalq əlaqələri dərinləşdirmək prioritet istiqamətlərdən biri kimi öndə gəlir.

Bu çərçivədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində keçirilən ikitərəfli görüşlərdə bir neçə ölkələylə viza rejiminin sadələşdirilməsi və ya tam ləğvi istiqamətində vacib razılaşmaların əldə olunması Azərbaycanın qlobal müstəvidə artan nüfuzunun və açıq qapı siyasətinin bariz göstəricisidir.

Bəs viza rejiminin sadələşdirilməsinin və ya ləğvinin Azərbaycana faydası nə olacaq?


Bu haqda Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan viza rejiminin sadələşdirilməsi və ya tamamilə ləğv edilməsinin Azərbaycan üçün həm iqtisadi, həm də siyasi-diplomatik sahədə genişmiqyaslı faydalar təmin etdiyini bildirib:


“Xüsusilə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda, məsələn, Banqladeş və əvvəlki illərdə Maldiv adaları ilə əldə olunan razılaşmalar və digər beynəlxalq platformalarda imzalanan sazişlər ölkənin qlobal inteqrasiyasını sürətləndirir. Viza rejiminin sadələşdirilməsinin Azərbaycana bir neçə əsas faydası var. Viza prosedurlarının aradan qalxması və ya asanlaşması xarici turistlərin ölkəyə gəlişini stimullaşdırır. Bu da birbaşa mehmanxana, restoran, nəqliyyat və xidmət sektorunun gəlirlərini artırır. Bu, eyni zamanda turizmin inkişafına da dəstək göstərən məsələdir”.


Ekspert xarici investisiyaların cəlb edilməsi cəhətdən də mühüm əhəmiyyət kəsb etdiyini bildirib:


“Biznes nümayəndələrinin ölkəyə sərbəst gəliş-gedişi təmin olunduqda, investisiya imkanlarının yerində qiymətləndirilməsi asanlaşır və bürokratik əngəllər azaldığı üçün xarici sərmayə axını sürətlənəcək. İş adamlarının və sahibkarların qarşılıqlı səfərlərinin sadələşməsi yeni idxal-ixrac müqavilələrinin bağlanmasına və qeyri-neft sektorunun inkişafına təkan verir. Bütün bunlarla yanaşı sözü gedən məsələ ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.

Habelə viza rejiminin ləğvi iki ölkə arasında ən yüksək siyasi etimadın göstəricisidir. Bu cür addımlar Azərbaycanın beynəlxalq arenada etibarlı və açıq tərəfdaş imicini də möhkəmləndirir. Həmçinin diplomatik və rəsmi təmasların intensivləşməsi də gözlənilir. Xüsusilə diplomatik və xidməti pasportlar üzrə əldə edilən razılaşmalar dövlət rəsmilərinin, nümayəndə heyətlərinin və diplomatların operativ hərəkətinə imkan yaradır ki, bu da ikitərəfli əməkdaşlığı töhfə verir. Səfərlərin asanlaşması elm, təhsil, idman və mədəniyyət xadimlərinin birgə layihələrdə, beynəlxalq konfranslarda və festivallarda iştirakını artırır. Qarşılıqlı viza ləğvi Azərbaycan vətəndaşlarının da həmin ölkələrə daha rahat, əlavə vaxt və rüsum itkisi olmadan səyahət etməsinə şərait yaracaq”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanla Banqladeş arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbinin ləğvi, Kolumbiya ilə isə ümumvətəndaş pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi barədə sazişlər imzalanıb.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR