Zelenski: “Rusiya Ukraynaya yeni kütləvi hücuma hazırlaşır”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni genişmiqyaslı hücum planlaşdırdığını bəyan edib.
Sfera.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında paylaşım edib. BMT Baş Assambleyası çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Bernhem ilə keçirdiyi görüşdən danışan Zelenski kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Moskva Ukraynaya qarşı yeni iri həcmli zərbələr hazırlayır. O, Ukraynanın yeni hava hücumundan müdafiə sistemləri əldə etmək üçün müttəfiqləri ilə daimi təmasda olduğunu vurğulayıb.
"Ukraynalılar hər gün raket və dron hücumları təhlükəsi altında yaşadığı bir vaxtda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasından heç bir söz gedə bilməz", –deyə Zelenski əlavə edib.
Qeyd olunub ki, Rusiya qüvvələri son həftələrdə taktikanı dəyişərək gün ərzində fasiləsiz hücumlar təşkil edir. Eyni zamanda müharibədə daha yüksək hündürlükdə uçan və hava hücumundan müdafiə sistemlərindən yayına bilən reaktiv mühərrikli dronlardan istifadə olunmağa başlanılıb. Nyu-Yorkda səfərdə olan Ukrayna lideri ABŞ Prezidenti Donald Tramp ilə də görüşərək müharibənin dayandırılması yollarını, o cümlədən enerji obyektlərinə qarşı hücumların qarşılıqlı dayandırılması imkanlarını müzakirə edib.
"Wall Street Journal" qəzetinə müsahibə verən Zelenski Rusiya Prezidenti Vladimir Putinin cəbhədə qalib gəlmədiyini, lakin itkilərə əhəmiyyət vermədiyi üçün özünü məğlub da hesab etmədiyini bildirib: "Döyüş meydanındakı vəziyyət Putin üçün uğurlu deyil. O, qalib gəlmir və uduzmur. Çünki onun üçün insan itkiləri məğlubiyyət demək deyil, lakin onun cəmiyyəti insanlarını itirir. Məhz buna görə də o, müharibəni dayandırmaq məcburiyyətində olduğunu hiss etmir".
Bəsti Rəfizadə






