Zelenski sülhdə maraqlıdır - Putin niyə istəmir?

Zelenski sülhdə maraqlıdır - Putin niyə istəmir?
Kateqoriya məlum deyil
T

Rusiya Ukraynanın enerji, kritik infrastruktur və ərzaq ixracı obyektlərinə zərbələri dayandırarsa, deeskalasiya, yəni gərginliyin azaldılması istiqamətində qarşılıqlı addımlar atıla bilər.


Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində yazıb. İddialara görə, Rusiya tərəfi bu təklifə razılaşmır.


Bəs Moskva münaqişənin yalnız cəbhə xətti ilə məhdudlaşdırılması variantını niyə qəbul etmək istəmir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Rusiyanın cəbhə arxasına zərbələri dayandırmaqda maraqlı olmamasının əsas səbəblərindən biri bunun əlavə təzyiq vasitəsi olmasıdır.


Onun sözlərinə görə, xüsusilə cəbhə xəttində ciddi dəyişikliklərin müşahidə olunmadığı bir dövrdə enerji sistemi, kritik infrastruktur və logistika obyektlərinə zərbələr qarşı tərəfin müharibəni davam etdirmək imkanlarını zəiflətməyə yönəlir:


“Zelenskinin təklifi isə bu imkanın qarşılıqlı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur. Yəni Rusiya Ukraynanın müəyyən obyektlərinə zərbələri dayandırmalı, bunun müqabilində Kiyev də cavab addımları atmalıdır. Ukrayna da Rusiyanın neft emalı və enerji infrastrukturuna zərbələr endirir. Bu hücumlar Moskvanın iqtisadi gəlirlərinə və yanacaq təminatına təzyiq göstərmək məqsədi daşıyır. Əslində, hər iki tərəfin cəbhədən kənarda istifadə etdiyi ciddi təzyiq alətləri var. Razılaşma əldə olunacağı təqdirdə, tərəflər həmin vasitələrdən istifadəni məhdudlaşdırmalı olacaqlar. Görünür, əsas çətinlik də məhz budur”.


Ekspertin fikrincə, belə bir razılaşmanın əldə olunması yalnız enerji və infrastruktur obyektlərinin qorunması baxımından əhəmiyyət daşımayacaq. Bu, tərəflərin daha geniş deeskalasiyaya nə dərəcədə hazır olduğunu yoxlamaq üçün də mühüm sınaq ola bilər.


“Əgər tərəflər müəyyən obyektləri qarşılıqlı şəkildə hədəfdən çıxarmaq barədə razılığa gəlib buna əməl edə bilsələr, bu, gələcəkdə daha geniş atəşkəs mexanizmlərinin müzakirəsi üçün müəyyən zəmin yarada bilər”,–Ü.Zülfiqar vurğulayıb.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR