Çağırış etdilər - Müharibə başlayır?

Çağırış etdilər - Müharibə başlayır?
Kateqoriya məlum deyil
T

Böyük Britaniya hökumətinin ölkə əhalisini mümkün böhranlara daha hazırlıqlı olmağa çağırması beynəlxalq gündəmdə diqqət çəkib.

Hökumətin yenilənmiş milli dayanıqlılıq planında vətəndaşlara fövqəladə vəziyyətlər zamanı istifadə etmək üçün əvvəlcədən içməli su və uzun müddət saxlanıla bilən ərzaq ehtiyatı yaratmaq tövsiyə olunur. Eyni zamanda, ölkədə hərbi və mülki hazırlığın gücləndirilməsi, fövqəladə vəziyyət planlarının yenilənməsi və genişmiqyaslı müdafiə təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Bu addımlar xüsusilə Avropada təhlükəsizlik mühitinin son illərdə dəyişməsi fonunda diqqət çəkir. Rəsmi London müxtəlif risklərə, o cümlədən hərbi qarşıdurma ehtimalına, kibertəhdidlərə, enerji və su təchizatında yarana biləcək fasilələrə, təchizat zəncirində problemlərə və hibrid hücumlara qarşı hazırlığın artırılmasını vacib hesab edir.

Bu isə Britaniya hökumətinin mümkün böhran ssenarilərinə əvvəlkindən daha geniş çərçivədə yanaşdığını göstərir. Əhalinin evdə müəyyən müddət ərzində əsas xidmətlər olmadan yaşaya bilməsi üçün ehtiyat toplamağa çağırılması isə cəmiyyətdə “Britaniya yeni müharibəyə hazırlaşırmı?” sualını gündəmə gətirib.

Xüsusilə ərzaq və su ehtiyatı ilə bağlı çağırışların hərbi hazırlıq tədbirləri ilə eyni dövrdə səsləndirilməsi bu məsələyə diqqəti daha da artırıb.

Bəs Britaniyanın bu addımı həqiqətən yeni müharibə təhlükəsinə dair SOS siqnalıdır, yoxsa mümkün böhranlar zamanı əhalinin hazırlıq səviyyəsini artırmağa hesablanmış preventiv tədbirdir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Böyük Britaniyanın son addımını yalnız yeni müharibənin başlayacağına dair xəbərdarlıq kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, Londonun yanaşması ölkənin təhlükəsizlik mühitinin əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişdiyini göstərir.

Onun sözlərinə görə, 2026-cı ilin iyulunda Britaniya hökuməti yenilənmiş milli dayanıqlılıq planında hərbi və mülki hazırlığın daha sıx əlaqələndiriləcəyini açıqlayıb:

“Həmçinin “Müharibə vəziyyətinə hazırlıq planı” adlandırılan fövqəladə vəziyyət planının yeniləndiyi və 2027-ci ildə Soyuq müharibə dövründən bəri ən böyük daxili müdafiə təlimlərindən birinin keçiriləcəyi bildirilib. Ərzaq və su ehtiyatı ilə bağlı tövsiyəni də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Burada söhbət yalnız müharibəyə hazırlıqdan getmir. Ekstremal hava şəraiti, kibertəhlükələr, enerji və su təchizatında mümkün fasilələr, təchizat zəncirində yaranacaq problemlər, eləcə də xarici dövlətlərin mümkün hibrid hücumları kimi müxtəlif böhran ssenariləri nəzərə alınır. Britaniya hökuməti yeni ictimai kampaniyanın məqsədini əhalinin fövqəladə vəziyyət zamanı müəyyən müddət əsas xidmətlər olmadan fəaliyyət göstərə bilməsinə hazırlıq kimi izah edir”.

R.Bayramov hesab edir ki, bu addımda kommunikasiya və psixoloji hazırlıq elementlərini də nəzərə almaq lazımdır.

Onun fikrincə, hökumət əhalinin fərdi hazırlıq səviyyəsini artırmaqla böhran zamanı dövlət resurslarının daha həssas qruplara yönəldilməsinə şərait yaratmağa çalışır. Rəsmi açıqlamalarda da bu tədbirlər böyük hazırlıqdan daha çox, vətəndaşların ata biləcəyi “sadə və kiçik addımlar” kimi təqdim olunur.

“Bununla yanaşı, Londonun narahatlığının real təhlükəsizlik əsasları da var. Rəsmi sənədlərdə Rusiya ilə bağlı artan narahatlıq, kibertəhdidlər və kritik infrastruktura qarşı potensial risklər qeyd edilir. Britaniya Parlamentinin Müdafiə Komitəsinin 2026-cı ilin iyulunda əhalinin mümkün münaqişəyə hazırlığı ilə bağlı ayrıca araşdırmaya başlaması da bu məsələnin ölkənin təhlükəsizlik gündəmində ciddi yer tutduğunu göstərir”, - R.Bayramov vurğulayıb.

Politoloq diqqət çəkən başqa bir məqamın isə Britaniyanın hazırda milli ərzaq ehtiyatı yaratmaması olduğunu bildirib.

Onun sözlərinə görə, hökumət 2026-cı ilin aprelində ölkədə milli ərzaq anbarlarının yaradılmasının və ya bu istiqamətdə ayrıca planın olmadığını açıqlayıb. Ölkənin ərzaq təhlükəsizliyi müxtəlif idxal mənbələri və daxili istehsal hesabına təmin edilir.

“Bütün bunlar göstərir ki, söhbət konkret müharibə ssenarisinin başlanacağına dair operativ xəbərdarlıqdan daha çox, müxtəlif böhranlara qarşı milli dayanıqlılığın artırılması strategiyasından gedir. Bununla belə, atılan addımlar onu da göstərir ki, London müharibə ehtimalını əvvəlki dövrlə müqayisədə daha ciddi təhlükəsizlik ssenarisi kimi nəzərdən keçirir və cəmiyyəti buna həm psixoloji, həm də praktiki baxımdan hazırlayır. Lakin mövcud rəsmi məlumatları konkret müharibənin yaxınlaşdığına dair proqnoz kimi qiymətləndirmək olmaz. Daha çox hökumətin ən pis ssenarilərə hazırlıq siyasətini genişləndirdiyini söyləmək mümkündür”, – ekspert əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR