Göydəniz Qəhrəmanov: “Diplomatların son səfəri ilə bağlı açıqlamalar Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların səfəri yalnız diplomatik xarakterli tədbir deyil. Bu, həm də bölgədə yaranmış yeni reallıqların beynəlxalq nümayəndələr tərəfindən yerində qiymətləndirilməsi baxımından mühüm hadisədir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bu günlərdə etdikləri səfər zamanı müşahidə olunanmənzərə Azərbaycanın suverenliyinin bərpasından sonra regionda baş verən fundamental dəyişiklikləri bir daha nümayiş etdirdi. Bu səfərin Ermənistanda müəyyən dairələr tərəfindən aqressiv qarşılanması isə diqqətdən kənarda qala bilməz. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, onun cəmiyyətindəki radikal qüvvələrin Azərbaycan ərazisində səfər edən xarici diplomatları hədəfə alması hansı məntiqə sığır? Diplomatik nümayəndələrin fəaliyyətinə belə münasibət həm qəbuledilməzdir, həm də Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Ermənistanın bu məsələdə etiraz etmək üçün heç bir əsaslı arqumenti yoxdur.” Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında belə deyib.
Deputat bildirib ki, dipkorpusunn səfərinə qarşı kampaniyanın mahiyyəti başqa əslində məsələni üzə çıxarır: “Xarici diplomatların Qarabağda gördükləri reallıq Ermənistanın uzun illər apardığı təbliğatla ziddiyyət təşkil edir. Bu gün bölgədə dağıdılmış ərazilərin bərpası, yeni yolların və infrastrukturun yaradılması, şəhərlərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı istiqamətində genişmiqyaslı işlər aparılır. Bütün bunlar Azərbaycanın bölgəyə münasibətini sözlə deyil, konkret fəaliyyətlə nümayiş etdirir.
Fikirlərini davam etdirən Parlament üzvü daha bir ciddi məsələnin Ermənistanın ərazisində Azərbaycan irsinə münasibəti ilə bağlı olduğunu da qeyd edib: “Azərbaycan xalqının Qərbi Azərbaycandakı tarixi izlərinin sistemli şəkildə silinməsi, məscidlərin, qəbiristanlıqların və yaşayış məskənlərinin dağıdılması faktları ortadadır. Belə bir siyasət mədəni irsin qorunması barədə Ermənistanın səsləndirdiyi iddiaların nə qədər qeyri-səmimi olduğunu göstərir. Tarixi irsə hörmət tələb edən tərəf ilk növbədə ərü həmin prinsiplərə əməl etməlidir. Revanşist ritorikanın Ermənistan siyasi mühitində də özünü göstərməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Hakimiyyətə yaxın resurslarda diplomatların səfərinə qarşı aparılan kampaniya və parlament sədri Ruben Rubinyanın açıqlaması təsadüfi epizod kimi qiymətləndirilə bilməz. Ermənistan parlamentində 14 sentyabrda 2022-ci il sentyabr döyüşlərində həlak olan hərbçilərin bir dəqiqəlik sükutla yad edilməsi də həmin kontekstdə revanşist yaddaşın siyasi müstəvidə aktuallaşdırılması təsiri yaradır. Bütün bu baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki olaraq, Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır.
Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar isə kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Lakin Azərbaycan öz yolunu artıq çoxdan birmənalı olaraq müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesi sürətlə davam edir. Diplomatik korpus nümayəndələrinin bölgəyə səfərləri də bu reallığın beynəlxalq aləmdə daha geniş tanınmasına xidmət edir. Tarixi həqiqətdən qaçmaq, onu təhrif etmək və diplomatları hədəfə almaq isə heç bir halda reallığı dəyişə bilməz” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb.






