Ermənistanın Konstitusiya Məhkəməsi TRIPP-i Konstitusiyasına uyğun hesab etdi

Ermənistanın Konstitusiya Məhkəməsi ABŞ ilə imzalanmış TRİPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ölkə Konstitusiyasına uyğun hesab edib. Bununla da sənədin ratifikasiyası istiqamətində növbəti mərhələyə keçid üçün hüquqi əsas yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin xarici əlaqələr departamenti məlumat yayıb.
Məhkəmənin qərarının tam mətninin üç gün ərzində açıqlanacağı bildirilir. Bundan sonra sənəd ratifikasiya üçün Ermənistan parlamentinə – Milli Assambleyaya göndəriləcək.
Söhbət ABŞ və Ermənistan arasında “Trump Route for İnternational Peace and Prosperity” (TRIPP) layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişindən gedir. Saziş əvvəlcə mayın 26-da ilkin razılaşdırılıb, imzalanma prosesi isə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın imzaları ilə iyunun 4-də başa çatıb.
TRİPP layihəsi Ermənistan ərazisində nəqliyyat və digər infrastruktur bağlantılarının yaradılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, layihənin icrası üçün “TRİPP Development Company” adlı birgə müəssisənin yaradılması planlaşdırılır. Şirkətdə ABŞ-nin 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur. Layihə çərçivəsində avtomobil və dəmir yolları, enerji, fiber-optik xətlər və digər infrastruktur istiqamətlərinin inkişaf etdirilməsi planlaşdırılır.
Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyərək sənədi Konstitusiya Məhkəməsinə göndərmişdi. Hökumət bildirmişdi ki, məhkəmənin müsbət qərarından sonra məsələ Milli Assambleyanın müzakirəsinə çıxarılacaq.
Beləliklə, Konstitusiya Məhkəməsinin bugünkü qərarından sonra TRİPP sazişinin Ermənistan parlamentində ratifikasiyası prosesi qarşıdakı mərhələyə keçir. Layihənin faktiki icrasına başlanması isə sazişin qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların tamamlanmasından asılı olacaq.
Firuzə Əliyeva






