"Qərb ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edir" – Rafael İbrahimovun şərhi

"Qərb ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edir" – Rafael İbrahimovun şərhi
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda xarici hərbi analitiklər diqqəti bir daha Azərbaycanın müasir döyüş taktikalarına yönəldiblər.

Sfera.az xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri, ərəbşünas alim və politoloq Rafael İbrahimov Hörmüz boğazındakı son hadisələri və ABŞ-nin İrana qarşı mümkün quru əməliyyatlarının perspektivini dəyərləndirərkən mühüm məqamlara toxunub.

Keçmiş səfir Rafael İbrahimovun sözlərinə görə, ABŞ-nin zərbələri nəticəsində İranda Ali Lider Ayətullah Xamenei və digər yüksəkrütbəli dövlət rəsmiləri həyatını itirsə də, Vaşinqtonun İrana daxil olması ("boots on the ground") praktiki olaraq imkansızdır. ABŞ-nin tarixi olaraq dəniz dövləti olduğunu və canlı qüvvə itkilərinə qarşı həssaslığını vurğulayan keçmiş səfir Rafael İbrahimov, İbn Xaldunun "Əsəbiyyə" prinsipini və Con Kennedinin tarixi xəbərdarlığını xatırladıb:

"İbn Xaldunun 1377-ci ildə "Əl-Müqəddimə" əsərində irəli sürdüyü "Əsəbiyyə" (sosial həmrəylik, milli-dini dirəniş ruhu) konsepsiyasında olduğu kimi, xarici təzyiq artdıqca cəmiyyətdə daxili birlik güclənir. ABŞ-nin zərbələri və rəhbərlikdəki itkilər daxili müxalifəti də dövlətin ətrafında birləşdirib. İran xalqı hər hansı geri addımı "alçaldıcı sülh" kimi görəcək. Con Kennedinin 1963-cü ildə dediyi kimi: "Münaqişə tərəfini alçaldıcı, seçimsiz şərtlər qarşısında qoymaq olmaz". Mövcud böhrandan tək çıxış yolu yerdəki yeni reallıqları əks etdirən diplomatik razılaşmalardır".

Politoloq Rafael İbrahimov xüsusilə qeyd edib ki, Pentaqon mütəxəssisləri və ərəb hərbi analitikləri (o cümlədən "Al Mayadeen" kanalı) Azərbaycanın hərbi təcrübəsini yüksək qiymətləndirirlər. Rafael İbrahimovun fikrincə, Qərb ekspertləri ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edirlər:

"Azərbaycan dünyada ilk dəfə olaraq taktiki PUA-ları piyada, artilleriya və tank birləşmələri ilə tam harmoniya şəklində tətbiq edərək dərsliklərə düşəcək bir qələbə qazandı. Əgər ABŞ əvvəllər "Reaper" və "Black Hawk" kimi baha başa gələn kəşfiyyat dronlarından istifadə edirdisə, Azərbaycan bu texnologiyanı quru əməliyyatları ilə sintez edərək müharibənin taleyini dəyişdi".

Rafael İbrahimov sonda əlavə edib ki, hazırda Rusiya-Ukrayna cəbhəsində tətbiq edilən İranın "Şahid" və Rusiyanın "Geran" dronları da məhz Azərbaycanın ortaya qoyduğu bu hərbi modelin nəticəsidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR