“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”

“Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb”.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.
“Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik”, - Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bizim birliyimiz hər birimizi gücləndirəcək: “Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Çünki biz bu ədalətsizliklə üzləşmişdik. 30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Elə mən özüm şəxsən 2001-ci ildə, - o vaxt Milli Məclisin deputatı idim, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdu, mən də Azərbaycan nümayəndə heyətinin başçısı idim, - bizim nümayəndə heyəti oraya gələndə, birinci növbədə bu məsələni qaldırdıq ki, ədalətsizliyə son qoyulmalıdır və nə tələb edirdik. Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər. Siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”.
“Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”, - İlham Əliyev vurğulayıb.






