“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
Sfera.az açıqlamanı təqdim edir:
- Qüdrət bəy, Ukraynada daha bir səs-küylü korrupsiya faktı aşkar edilib və ardınca Baş prokuror ölkədən qaçıb. Ümumiyyətlə Ukraynadakı hadisələri necə xarakterizə edərdiniz?
- Ukrayna öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün müharibə aparır, eyni zamanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm işlər görür. Demokratik və hüquqi dövlət qurmaq böyük mübarizədən və çətinliklərdən keçir, bu mübarizə on illərlə davam edir. Xalqlar var ki, bu mübarizədə yorulub, ruhdan düşüb diktaturaya və korrupsiyaya təslim olublar. Ukrayna xalqı hələ ki mübarizə aparır. Təəssüf ki, demokratiya, insan hüquq və azadlıqları ilə bağlı dəyərlər hətta Qərb ölkələrində belə dəyərsizləşir, korrupsiya və avtoritarizm genişlənir. Bu yaxınlarda CNN “Gullup”un ABŞ-də keçirdiyi sorğuların nəticələrini açıqladı, rəyi soruşulan ABŞ əhalisinin 89%-i düşünür ki, ölkədə hakimiyyət dairələrində korrupsiya geniş yayılıb.
Ukraynada prokurorluq əməkdaşlarının təşkilatçılığı ilə “zəng mərkəzləri” vasitəsilə Ukrayna və Avropa ölkələri vətəndaşlarının müxtəlif dələduzluq sxemləri vasitəsilə pullarının ələ keçirilməsi faktı ifşa olunub. Bu yaxınlarda Daxili işlər naziri Vilayət Eyvazov ukraynalı həmkarı ilə telefonla danışmışdı, əminəm ki, bu məsələ də müzakirə olunub. Əgər onların ifşasında bizim də rolumuz olubsa çox yaxşı, inanıram ki, olub. Çünki bu dələduzluqdan ən çox əziyyət çəkən ölkələrdən biri bizim ölkənin vətəndaşları idi.
Təəssüf ki, Ukraynadakı korrupsiya qalmaqallarından ABŞ başda olmaqla bəzi siyasi dairələr Ukraynaya qarşı təzyiq vasitəsi kimi istifadə edir, onu təslimçi sülhə məcbur etmək istəyirlər.






