Lavrovdan Paşinyana “Ukrayna” mesajı: Ermənistanı nə gözləyir?

Lavrovdan Paşinyana “Ukrayna” mesajı: Ermənistanı nə gözləyir?
Kateqoriya məlum deyil
T

Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın dəmir yollarının konsessiyasının üçüncü ölkəyə satılması ilə bağlı müraciəti Rusiyada təəccüb və emosiyalar yaradıb.


Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. “Əgər Ermənistanı bu məsələlər narahat edirsə, tərəfdaş kimi bu barədə Rusiya ilə danışa bilər. Bunun əvəzinə açıq şəkildə bəyan edilir ki, dəmir yolu guya onlarındır və biz Ermənistana 2 milyard dollar borcluyuq. Təbii ki, bu cür açıqlamalar iqtisadi hesablamalardan əlavə, Rusiya vətəndaşlarında da emosional reaksiya doğurur. Mən də istisna deyiləm. Rusiya və Ermənistan vitse-premyerləri səviyyəsində müntəzəm əlaqələr saxlayır və İrəvanı maraqlandıran bütün məsələlər, o cümlədən Rusiyanın konsessiyasında olan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı vəziyyət müzakirə edilə bilər”, –deyə o bildirib.

Ermənistanla münasibətlərdə Ukrayna məsələsində edilən “eyni səhvlərə yol verməmək” üçün nə etmək lazım olduğu barədə suala cavab verən Lavrov vurğulayıb ki, Rusiya tərəfindən hər şey edilib.


Paşinyanın Ermənistan dəmir yollarının konsessiyasının üçüncü ölkəyə verilməsi ilə bağlı təklifi niyə Moskvada bu qədər sərt reaksiya doğurur? Lavrovun “Ukrayna məsələsində edilən səhvlərə yol verməmək” ifadəsi nə deməkdir?


Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. O, Rusiyanın 2008-ci ildən Ermənistanın “Cənubi Qafqaz Dəmir Yolları”nı konsessiya müqaviləsi əsasında icarəyə götürdüyünü bildirib:


“Bu müddət ərzində isə cəmi 400 milyon dollara yaxın investisiya qoyub. Təbii ki, bu, kifayət qədər kiçik rəqəmdir. Son illər Zəngəzur dəhlizi ilə bağlı dəmir yollarının bərpası məsələsində Rusiyanın çox ləng davranması Ermənistan hökumətini qətiyyən razı salmır. Bu səbəbdən Nikol Paşinyan təklif etmişdi ki, dəmir yolları Qazaxıstana və ya başqa bir dost ölkəyə konsessiya müqaviləsi əsasında verilsin. Lakin Rusiya bu təklifi çox ağır qarşıladı. Çünki belə bir qərar onun ciddi gəlir mənbəyindən məhrum olması ilə nəticələnə bilər. Rusiya 2008-ci ildə yaranmış əlverişli məqamdan istifadə edərək Ermənistanın dəmir yollarını kifayət qədər ucuz və əlverişli şərtlərlə nəzarətinə ala bilmişdi. Təbii ki, Moskva bu gəlirli sahəni əldən buraxmaq istəmir. Məhz buna görə də bu istiqamətdə səsləndirilən bəyanatları ağır qarşılayır”.


A.Səmədov Zəngəzur dəhlizi ilə bağlı prosesin ləngiməsinin də diqqət çəkdiyini və Rusiya Dəmir Yollarının tərkibində fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yollarının davranışının Ermənistanı qətiyyən qane etmədiyini vurğulayıb:


“Lavrovun Ukrayna müharibəsini xatırlatması isə Ermənistan üçün açıq xəbərdarlıq və hədə kimi qiymətləndirilə bilər. Ukraynada müharibə başlamazdan əvvəl də oxşar proseslər baş vermişdi. Əvvəlcə Avropa İttifaqına yaxınlaşma xətti götürülür, daha sonra NATO üzvlüyü ilə bağlı müraciət edilir və Rusiya ilə münasibətlər kəskin şəkildə pisləşirdi. Nəticədə isə Ukrayna ərazisinin təqribən 20 faizindən bir qədər çoxunu itirdi. Lavrov bununla Ermənistana mesaj verir ki, bu cür davranış gələcəkdə sizin üçün də ağır nəticələrə gətirib çıxara bilər. Hazırda Ukrayna müharibəsi Rusiyanın imkanlarını müəyyən qədər məhdudlaşdırsa da, gələcəkdə Moskvanın Ermənistana qarşı daha kəskin addımlar atacağı istisna olunmur. Ermənistan da bu ehtimala hazır olmalıdır. Bütövlükdə, keçmiş ittifaq respublikalarının hamısı üçün Rusiya təhlükəsi mövcuddur. Hesab edirəm ki, bu müstəqil dövlətlər birlikdə Rusiya təhlükəsindən necə qorunmaq barədə ciddi şəkildə düşünməlidirlər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR