BMT böhranı: Beynəlxalq təşkilat ləğv edilməlidirmi?

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi postuna namizəd Rafael Qrossi BMT-nin dünya münaqişələrinin nizamlanmasında səmərəsiz olduğunu bəyan edib. O, buna nümunə kimi Rusiya ilə Ukrayna arasındakı silahlı qarşıdurmanı, Yaxın Şərqdəki eskalasiyanı, həmçinin təşkilatın səylərinin nəzərə çarpmadığı Cənubi Sudan, Sahel bölgəsi və Suriyadakı qeyri-sabitliyi göstərib.
Belə halda sual yaranır: BMT nəyə lazımdır? Bu qurumun saxlanılmasına ehtiyac varmı?
Məsələ ilə bağlı siyasi şərhçi Şəhla Cəlilzadə Sfera.az-a açıqlama verib.
O, beynəlxalq hüququn subyektləri olan dövlətlərin hər zaman hökümətüstü, tənzimləyici, vasitəçi xarakter daşıyan mexanizmə ehtiyac duyduqlarını açıqlayıb:
“Bu, tarixən belə olub. Bu mexanizmin işləkliyi beynəlxalq hüquq prinsiplərinin ardıcıllığını təmin edib-etməməsinə bağlı olub. Elə buna görə Millətlər Cəmiyyəti cəmi 23 il yaşaya bilmişdi. BMT isə artıq 81 ildir beynəlxalq hüququn qorunmasında aparıcı rol oynayan qurumdur. Azərbaycan məhz bu beynəlxalq hüquqa istinad edərək torpaqlarının işğaldan azad edilməsinin legitimliyini bütün dünyaya qəbul etdirdi. Hazırda BMT-nin, xüsusilə onun əsas qərarverici orqanı olan Təhlükəsizlik Şurasının fəaliyyət modeli beynəlxalq sülhü təmin etməyə kifayət etmir. BMT TŞ-nin veto hüququna malik - 2-ci dünya müharibəsinin qalib dövlətləri hazırda ciddi şəkildə konfrontasiya içərisindədirlər və bu, modelin işləməsini qeyri-mümkün edir”.

Ekspert burada əsas məsələnin BMT-nin ləğv edilməsinin yox, sistemin yenisi ilə əvəz edilməsi və tənzimlənməsi olduğunu qeyd edib:
“Çünki artıq 2-ci dünya müharibəsinin nəticəsində yaranan sistem, hətta SSRİ-nin dağılmasından sonra formalaşan sistem belə tamamilə dəyişib və 21-ci əsrin 20-ci illəri fərqli geosiyasi reallıqları özündə əks etdirir. Artıq yeni güc faktorları vardır və onların qərarvermədə iştirak haqqı günü-gündən artan tələb halına gəlir. Elə bu əsnada Ərdoğanın “Dünya 5-dən böyükdür” ifadəsini xatırlatmaq olar. Həmçinin cənab Prezident İlham Əliyev dəfələrlə BMT TŞ-nin struktur yenilənməsinə ehtiyac olduğunu bəyan edib. Qrossi özü də bu məsələdə həmfikirdir. BMT dünya dövlətlərinin danışa bildiyi ən universal platformadır. Təbii ki, onun olması lazımdır. Sadəcə Təhlükəsizlik Şurasında qərarvermə mexanizminə yeni format gətirilməsi lazımdır. Bu, sadəcə Hindistan, yaxud Braziliya kimi ölkəkərin BMT TŞ-ə namizədliyinin qəbul edilməsi ilə deyil, daha geniş formada, məsələn Türk Dövlətləri Təşkilatının BMT-də daimi üzvlüyü, Afrika Birliyinin BMT-də daimi üzvlüyü və s. regional güc qruplarının təmsiliyyətlərinin təmin olunması ilə baş verməlidir. Ədalətli təmsilçilik və qərarvermə mexanizminin dəyişdirilməsi BMT-nin səmərəli işləyişini təmin edəcək son ümid olaraq qalır. Odur ki, dövrün tələbi halına gələn bu məsələyə yəqin ki, gec-tez baxılmalıdır”.
Bəsti Rəfizadə






