Ölkələr bloklarda birləşir - Yeni reallıqlar müttəfiqliyi zəruri edir

Ölkələr bloklarda birləşir - Yeni reallıqlar müttəfiqliyi zəruri edir
Kateqoriya məlum deyil
T

Son illərdə dünyanın müxtəlif bölgələrində hərbi qarşıdurmaların artması, böyük dövlətlər arasında rəqabətin dərinləşməsi və ölkələrin təhlükəsizlik maraqlarını yenidən nəzərdən keçirməsi beynəlxalq münasibətlərdə yeni prosesləri ön plana çıxarıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, ABŞ və Çin arasındakı geosiyasi rəqabət, eləcə də Asiya, Avropa və Yaxın Şərqdə formalaşan yeni əməkdaşlıq formatları dünya siyasətində qüvvələr nisbətinin dəyişməsinə təsir göstərir.

Bu proseslərin fonunda dünyada çoxqütblü sistemin güclənməsi və regional blokların sayının artması ilə bağlı müzakirələr də genişlənib. Artıq ölkələr təkbaşına deyil, özünə yaxın bildiyi ölkələrlə birgə müdafiənin təşkilini üstün tuturlar.

Bu, yeni blokların sayını artıra bilərmi?

Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, dünyada son illərdə baş verən müharibələr və geosiyasi qarşıdurmalar beynəlxalq sistemin əvvəlki sabitliyini ciddi şəkildə sarsıdıb:

“Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, ABŞ-Çin rəqabətinin dərinləşməsi və müxtəlif regionlarda təhlükəsizlik böhranlarının artması dövlətləri öz regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini də yenidən nəzərdən keçirməyə vadar edir. Dünya İqtisadi Forumunun 2026-cı il hesabatında da qlobal çoxtərəfli əməkdaşlığın təzyiq altında olduğu, bununla yanaşı daha kiçik, çevik və konkret məqsədlərə yönəlmiş koalisiyaların artdığı qeyd olunur. Bu baxımdan, qarşıdakı dövrü regional və funksional blokların çoxalması mərhələsi kimi xarakterizə etmək olar. BRICS-in genişlənməsi, Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti, ASEAN-Körfəz Əməkdaşlıq Şurası əlaqələrinin dərinləşməsi, Türk Dövlətləri Təşkilatı, Məkkə Sazişi, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin məsləhətləşmə formatına üzvlüyü və digər regional formatlar bunun göstəricisidir”.

Ekspert hazırda formalaşan blokların Soyuq müharibə dövrünün NATO və “Varşava Müqaviləsi” kimi sərt və monolit ittifaqları kimi bloklar olmadığını açıqlayıb:

“Dövlətlər eyni zamanda bir neçə platformada iştirak edə, təhlükəsizlik məsələsində bir tərəfə, enerji və ticarətdə isə başqa tərəfə yaxınlaşa bilərlər. Ümumiyyətlə isə blokların sayının artması kifayət qədər realdır. Xüsusilə enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal texnologiyalar, ərzaq təhlükəsizliyi və maliyyə kimi sahələrdə regional koalisiyaların meydana çıxması gözləniləndir. Hətta Cənubi Amerika ölkələrinin Mercosur çərçivəsində xarici tərəfdaşlıqları genişləndirməyə çalışması da qlobal qeyri-müəyyənlik fonunda regional platformaların əhəmiyyətinin artdığını göstərir. Ancaq çoxqütblülük avtomatik olaraq daha təhlükəsiz dünya demək deyil. Belə ki, regional blokların bir-birinə rəqib düşərgələrə çevrilməsi bloklar arasında qarşıdurma riskini artıra bilər. Üstəlik, belə təşkilatların daxilində dövlətlərin maraqları həmişə üst-üstə düşmür. BRICS-in müxtəlif böhranlar zamanı vahid siyasi mövqe formalaşdırmaqda çətinlik çəkməsi də bunu göstərir. Beləliklə çoxqütblülüyün güclənməsi XXI əsrin ən fundamental geosiyasi transformasiyalarından biri olmağa artıq başlayıb deyə bilərik. Amma düşünürəm ki, gələcəyin sistemi iki-üç böyük qütbdən ibarət olmayacaq. Daha çox müxtəlif güc mərkəzlərinin, regional blokların və çevik tərəfdaşlıqların bir-biri ilə kəsişdiyi mürəkkəb şəbəkə formalaşacaq”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR