Bakı və Daşkənd arasında yeni mərhələ: Dostluq müqaviləsi nəyi dəyişəcək?

Bakı və Daşkənd arasında yeni mərhələ: Dostluq müqaviləsi nəyi dəyişəcək?
Kateqoriya məlum deyil
T

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Bu müqavilənin imzalanması Bakı ilə Daşkənd arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik zirvəsinə ucaldıb. Adıçəkilən strateji sənəd təkcə iki qardaş ölkənin suverenliyi və təhlükəsizliyini hüquqi baxımdan sığortalamır, həm də regional logistika və bütövlükdə Türk dünyasının inteqrasiya prosesində yeni bir eranın təməlini qoyur.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, yeni sənəd Azərbaycan və Özbəkistanın ikitərəfli münasibətlərinin hərtərəfli inkişafına və möhkəmləndirilməsinə uzunmüddətli sadiqliyini nümayiş etdirir:

"Eyni zamanda, imzalanmış sənəd iki dövlət və xalqlar qarşısında böyük öhdəlik və məsuliyyət yaradır. Qarşıya qoyulan hədəflərin yüksək səviyyədə icrası, əldə olunmuş razılaşmaların real layihələrə çevrilməsi bundan sonra əsas prioritetlərdən biri olmalıdır. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Əlaqələrimiz ticarət-iqtisadi, investisiya, nəqliyyat, turizm və humanitar sahələrdə sürətlə genişlənir. İki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması qarşıya qoyulan mühüm hədəflərdən biridir. Bununla yanaşı, Birgə İnvestisiya Fondunun imkanlarından istifadə etməklə qarşılıqlı investisiya layihələrinin genişləndirilməsi nəzərdə tutulub”.

Deputat iki ölkə arasındakı əlaqələrin turizmə də necə təsir edəcəyini açıqlayıb:

“Özbəkistanın turizm sektorunda həyata keçirilməsi planlaşdırılan 5 milyard dollarlıq layihələrdə Azərbaycanın iştirakının nəzərdə hissi də iqtisadi və investisiya əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Bu cür layihələr Azərbaycan şirkətlərinin Özbəkistan bazarında fəaliyyətinin genişlənməsinə, yeni investisiya imkanlarının yaranmasına və iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yarada bilər. Bütün bunların Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri ola bilər. İlk növbədə, Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanları genişlənir, yeni birgə müəssisələrin və investisiya layihələrinin yaradılması üçün imkanlar artır. Turizm sahəsində əməkdaşlığın genişlənməsi isə qarşılıqlı turist səfərlərinin artmasına, turizm şirkətləri arasında əlaqələrin dərinləşməsinə və yeni turizm məhsullarının formalaşmasına təkan verə bilər. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri artıq konkret iqtisadi və investisiya layihələri ilə də özünü göstərir. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması isə bu münasibətlərin uzunmüddətli və davamlı inkişafına siyasi-hüquqi zəmin yaradır. Azərbaycan-Özbəkistan münasibətlərinin bu səviyyəyə yüksəlməsi təkcə iki ölkə üçün deyil, eyni zamanda region üçün də mühüm nümunədir. Çünki qarşılıqlı etimada, siyasi həmrəyliyə, iqtisadi tərəfdaşlığa və xalqlar arasında qardaşlıq əlaqələrinə əsaslanan bu model gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edə bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR