NATO-dan Rusiyaya SİQNAL: təlim keçirdi

NATO Kalininqrad vilayətinin yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirib.
Sfera.az xəbər verir ki, Almaniyanın “Merkur” nəşrinin məlumatına görə, avqustun 19-da NATO-ya məxsus 50-dən çox hərbi təyyarə eyni vaxtda Polşa və Baltik dənizi üzərindəki hava məkanında fəaliyyət göstərib.
Nəşr bu addımı Rusiyaya yönəlmiş siqnal kimi qiymətləndirib. Bundesver Universitetinin hərbi məsələlər üzrə analitiki Karlo Masala isə “Rusiyanın bu siqnalı başa düşdüyünə yalnız ümid etmək olar” deyib.
Təlimlərdə ABŞ Hərbi Hava Qüvvələrinin elektron müharibə üçün nəzərdə tutulmuş EA-37B “Compass Call II” təyyarəsi də iştirak edib. Məlumata görə, təyyarə regionda təxminən iki saat uçuş həyata keçirib. Təlimlərdə F-35A qırıcıları və E-3A “AWACS” kəşfiyyat təyyarələri də yer alıb.
Polşa hərbi qurumlarının məlumatına görə, təlim ABŞ-nin rəhbərliyi altında planlaşdırılmışdı və əsas məqsəd NATO müttəfiqlərinin hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək olub. Polşa tərəfi təlimin Rusiyanın hərbi hava qüvvələrinin həmin dövrdəki fəaliyyətləri ilə birbaşa əlaqəli olmadığını bildirib.
NATO da təyyarələrin fəaliyyətini təsdiqləyib, lakin əməliyyat təhlükəsizliyi səbəbindən əlavə detallar açıqlamayıb.
Qeyd edək ki, Kalininqrad Rusiyanın əsas ərazisindən ayrı yerləşən və NATO ölkələri ilə həmsərhəd olan strateji əhəmiyyətli eksklavdır. Region ətrafında NATO-nun hərbi fəallığının artması Moskva ilə Alyans arasında gərginliyin fonunda xüsusi diqqət çəkir.
İnci
Sfera.az






