Həm müharibəni, həm də diplomatiyanı qazandıq

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin fevralın 28-də başlatdığı hücumlarla başlayan müharibədə qalib gəldiklərini və bunu müxtəlif ölkələrin rəsmilərinin də ona söylədiyini bildirib.
Sfera.az xəbər verir ki, Əraqçi bu barədə İranın rəsmi “IRNA”agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyində müharibə zamanı zərər görən infrastrukturun yenidən qurulması və diplomatiya ilə səhiyyə sahələrində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimində danışıb.
Nazir bildirib ki, ABŞ və İsrailin hücumları ilə başlayan müharibə İranın öz gücünü sübut etməsi ilə nəticələnib. Onun sözlərinə görə, İran özünü “məğlubedilməz güc” kimi göstərib.
Əraqçi müxtəlif ölkələrin rəsmilərindən dəfələrlə “iranlılar möcüzə yaratdı və bütün dünyanı təəccübləndirdi” ifadəsini eşitdiyini deyib.
“İranın ABŞ-a bu şəkildə müqavimət göstərəcəyini və sonda düşməni danışıqlar tələb etməyə məcbur edəcəyini heç kim düşünmürdü”, – deyə nazir vurğulayıb.
Əraqçi ABŞ Prezidenti Donald Trampın müharibənin əvvəlində İrandan “qeyd-şərtsiz təslim olmağı” tələb etdiyini xatırladıb.
“Qeyd-şərtsiz təslim olun” mesajı yayımlandı. Eyni düşmən 20 gün sonra danışıqlar üçün yalvarırdı”, – deyə İran rəsmisi bildirib.
İranın diplomatiya sahəsində də öz hüquqlarını müdafiə etdiyini vurğulayan Əraqçi müxtəlif ölkələrin rəsmilərinin ona “həm müharibəni, həm də diplomatiyanı qazandınız” dediklərini qeyd edib.
Mənsumə






