Ermənistandan sərt mesaj: “Yaxın aylarda heç nə dəyişməyəcək”

Ermənistan yaxın aylarda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq və ya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməyi planlaşdırmır.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan ölkənin AİB və Aİ ilə münasibətləri barədə müzakirələri şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Ermənistan hazırda AİB-in tamhüquqlu üzvüdür və yaxın aylarda ölkənin təşkilatdakı statusunun dəyişməsi gözlənilmir.
“Ermənistan AİB-in tamhüquqlu üzvüdür və yaxın aylarda iştirakımız davam edəcək. Ermənistanın üzvlüyü həm ölkəmizin, həm də AİB-in digər üzv dövlətlərinin maraqlarına cavab verir”, – Xandanyan deyib.
Bununla yanaşı, deputat Ermənistanın Avropa İttifaqına inteqrasiyasını daxili islahatlarla əlaqələndirib. Onun sözlərinə görə, Aİ ilə inteqrasiya prosesi Ermənistan üçün ilk növbədə iqtisadi və institusional dəyişikliklər deməkdir.
“Bizim üçün Aİ ilə inteqrasiya prosesi daxili islahatlar prosesidir. Bu proses iqtisadi subyektlərimizə öz standartlarını Avropa bazarlarına uyğunlaşdırmaq imkanı verir”, – deputat bildirib.
Xandanyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını yenidən fəallaşdırması ehtimalına da münasibət bildirib. O, bunun üçün hazırda heç bir əsas görmədiyini deyib.
“Ermənistanın KTMT-də iştirakını fəallaşdırmağa bizi məcbur edə biləcək hər hansı səbəb və ya şərait olduğunu düşünmürəm. Ermənistanın hansı problemlərə görə üzvlüyünü dondurduğunu bilirsiniz və həmin problemlər bu günə qədər qalmaqdadır”, – Xandanyan vurğulayıb.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin daha əvvəl Ermənistanı AİB-dən çıxmaq məsələsi ilə bağlı referendum keçirməyə çağırıb.
Ermənistanın son açıqlaması göstərir ki, İrəvan bir tərəfdən Aİ ilə inteqrasiyanı davam etdirmək niyyətindədir, digər tərəfdən isə yaxın perspektivdə AİB və KTMT ilə bağlı hüquqi statusunu dəyişməyə tələsmir.
İnci
Sfera.az






