Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sfera.az yeni səfirlərin dosyesini təqdim edir:

Fuad İsgəndərov
1961-ci ildə Bakıda anadan olan Fuad İsgəndərov orta məktəbi bitirdikdən sonra Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutuna daxil olub. 1983-cü ildə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər və ingilis dili üzrə tərcümə fakültəsini bitirib.
O, müxtəlif illərdə bir sıra ixtisasartırma proqramlarında iştirak edib. 1999-cu ilin noyabrında Budapeştdə Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının böhranların idarə edilməsi üzrə təlim proqramına qatılıb. 2001-ci ildə ABŞ-ın Harvard Universitetinin C.F. Kennedi İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramında iştirak edib.
2002-ci ilin iyulunda ABŞ Dövlət Departamenti və ABŞ Ədliyyə Nazirliyinin təşkil etdiyi qanunvericilik üzrə icra kurslarında, 2006-cı ilin yanvarında isə Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Milli Hərbi Strategiya üzrə seminarında iştirak edib.
Rus, ingilis və türk dillərində sərbəst danışır.
Fuad İsgəndərov 1983–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant-elmi işçi və dosent vəzifələrində çalışıb. 1984–1985-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim işləyib.
2000–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim kimi fəaliyyət göstərib.
1986–1995-ci illərdə hərbi xidmətdə olub. 1995-ci ilin aprelindən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və təhlil idarəsinin rəisi vəzifəsində çalışıb. 2002–2006-cı illərdə milli təhlükəsizlik nazirinin müavini olub.
2006-cı ildə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. Həmin illərdə, 2006–2007-ci illərdə, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının baş katibi vəzifəsində də çalışıb.
2007–2012-ci illərdə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2012-ci il sentyabrın 25-dən 2021-ci il iyulun 26-dək Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri olub.
2021-ci il iyulun 26-dan Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Məmməd Əhmədzadə
Məmməd Əhmədzadə 1976-cı il oktyabrın 4-də Bakı şəhərində anadan olub.
2010-cu il mayın 25-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2011-ci il martın 15-də Azərbaycanın Paraqvaydakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Həmin il aprelin 20-də isə Azərbaycanın Boliviya, Uruqvay və Çilidəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2016-cı il noyabrın 25-də Məmməd Əhmədzadə səfir təyin edildiyi həmin beş dövlətdən geri çağırılıb.
2016-cı il yanvarın 12-də Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həmin il mayın 2-də isə Azərbaycanın Malta və San-Marinodakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
2016–2022-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond yanında daimi nümayəndəsi olub.
2024-cü il dekabrın 20-də Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib./Bizim.Media






