"Filantrop", yoxsa Kremlin maliyyə şəbəkəsinin siması? - Vardanyanla bağlı həqiqətlər

"Filantrop", yoxsa Kremlin maliyyə şəbəkəsinin siması? - Vardanyanla bağlı həqiqətlər
Kateqoriya məlum deyil
T

Ruben Vardanyan haqqında illərlə beynəlxalq auditoriyaya təqdim edilən "filantrop" və "xeyriyyəçi" imici yenidən ciddi suallar doğurur. Son günlər ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün xüsusi materiallar istehsal edən "Integrated Polymer Industries" şirkətinin qurucusu, türk-amerikalı mühəndis Ergün Kırlıkovalının dünya şöhrətli yazıçı və iqtisadçı Nassim Nikolas Talebə ünvanladığı açıq məktub bu müzakirələri yenidən gündəmə gətirib.

Sfera.az xəbər verir ki, məktubda Talebin Vardanyan barədə müsbət mövqeyi tənqid edilir və onun "filantrop" obrazının arxasında gizlənən siyasi və maliyyə əlaqələrinə diqqət yetirilməsi istənilir.

Əslində, bu iddialar yeni deyil. Ruben Vardanyanın adı illərdir beynəlxalq jurnalist araşdırmalarında, xüsusilə də Araşdırmaçı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) məşhur "Troika Dialog" dosyesində hallanır. Həmin araşdırmada Rusiyanın "Troika Dialog" investisiya bankı vasitəsilə milyardlarla dolların ofşor şirkətlər şəbəkəsi üzərindən hərəkət etdirildiyi iddia edilir. Vardanyan isə uzun illər bu bankın rəhbərliyində təmsil olunub və araşdırmanın əsas fiqurlarından biri kimi diqqət çəkib.

Beynəlxalq mediada dərc olunan materiallarda onun Rusiya siyasi və maliyyə elitası ilə sıx əlaqələri dəfələrlə qeyd olunub. Analitiklərin fikrincə, bu əlaqələr Vardanyanın illərlə formalaşdırdığı "beynəlxalq xeyriyyəçi" imicinə ciddi kölgə salır.

Son dövrlərdə Ukraynada davam edən müharibə fonunda da Vardanyanla əlaqələndirilən bəzi biznes strukturları barədə müxtəlif iddialar irəli sürülüb. Beynəlxalq araşdırmalarda həmin şirkətlərin Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqələri olduğu bildirilir. Bu iddialar müxtəlif mənbələrdə geniş müzakirə olunsa da, onların hüquqi qiymətləndirilməsi ilə bağlı yekun qərarlar ayrıca predmet olaraq qalır.

Digər tərəfdən, Vardanyanın Azərbaycanla bağlı fəaliyyəti onun "humanist" obrazı ilə tamamilə ziddiyyət təşkil edir. O, 2022-ci ildə Azərbaycanın suveren ərazisi olan Qarabağa qanunsuz daxil olaraq separatçı rejimin rəhbərliyində yüksək vəzifə tutdu. Həmin dövrdə verdiyi bəyanatlar, Azərbaycan hakimiyyətinə qarşı səsləndirdiyi hədələr və separatçı qurumun fəaliyyətində aktiv iştirakı regionda sülh prosesinə ciddi maneələrdən biri kimi qiymətləndirilib.

Azərbaycanda keçirilən məhkəmə prosesində isə Vardanyan terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə dəstək, qanunsuz silah dövriyyəsi, dövlət sərhədini qanunsuz keçmə və digər ağır cinayətlər üzrə təqsirləndirilib. Dövlət ittihamı məhkəmə iclaslarında çoxsaylı sübutlar, sənədlər və şahid ifadələri təqdim edib.

Müşahidəçilərin fikrincə, beynəlxalq mediada illərlə "xeyriyyəçi milyarder" kimi təqdim olunan Vardanyan haqqında həm məhkəmə prosesində ortaya çıxan faktlar, həm də OCCRP kimi nüfuzlu təşkilatların araşdırmaları tamamilə fərqli mənzərə yaradır. Ergün Kırlıkovalının Talebə ünvanladığı məktub da məhz bu ziddiyyətə diqqət çəkərək, Vardanyanın fəaliyyətinə yalnız xeyriyyəçilik prizmasından deyil, onun siyasi, maliyyə və hüquqi keçmişi fonunda qiymət verilməsinin vacibliyini gündəmə gətirir.

Beləliklə, "filantrop" kimi tanıdılan Ruben Vardanyan ətrafında yaranan suallar təkcə Azərbaycan məhkəməsinin hökmü ilə məhdudlaşmır. Onun adı beynəlxalq maliyyə araşdırmalarında, Rusiya elitası ilə əlaqələrə dair materiallarda və Qarabağdakı separatçı fəaliyyətlə bağlı faktlarda da mütəmadi olaraq ön plana çıxır. Bu isə onun beynəlxalq aləmdə formalaşdırılmış imicinin yenidən ciddi şəkildə sorğulanmasına səbəb olur.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR