Azərbaycan XİN başçısının Ukrayna səfəri: Hansı nəticələr gözlənilir?

Azərbaycan XİN başçısının Ukrayna səfəri: Hansı nəticələr gözlənilir?
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfəri diqqət çəkən diplomatik hadisələrdən biri kimi qiymətləndirilir.

Səfər çərçivəsində nazirin Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksəkvəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulur. Bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin gələcək inkişaf perspektivləri, eləcə də regionda dəyişən geosiyasi vəziyyət fonunda Bakının xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.


Bu səfərin əsas siyasi və diplomatik məqsədi nədir? Bu səfər həm Rusiya, həm də Qərbə hansı siyasi mesajları verir və ondan hansı konkret nəticələr gözlənilir?


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında deyib ki, Azərbaycan-Ukrayna münasibətləri bütün dövrlərdə yüksək səviyyədə olub.


Onun fikrincə, indi də iki ölkə arasındakı münasibətlər əvvəlki dövrlərdən fərqli deyil:

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və dəstəklədiyini hər fürsətdə bəyan edib, işğala məruz qalmasını ən yüksək səviyyədə qınayıb və münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllinin tərəfdarı olduğunu açıqlayıb. Rəsmi Bakı bu gün Ukraynaya sözdə dəstək olan ölkələrdən fərqli olaraq işğalın nə olduğunu və hansı çətinliklər yaratdığını uzun illər ərzində işğala məruz qalmış ölkə olaraq çox yaxşı anlayır.

Buna görə də daim beynəlxalq hüquqa, ədalətə istinad edir və Ukraynanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğulayır. Ümumiyyətlə hər bir işğal faktı mənfi və çox təhlükəli presedent yaradır, buna görə də dövlətlərarası münasibətlər sistemində beynəlxalq hüquqa istinad edən və səmimi siyasət yürüdən dövlətlər, o cümlədən Azərbaycan tərəfindən birmənalı olaraq qəbul edilimir”.


Əli Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanla Ukrayna arasında sıx siyasi, iqtisadi, mədəni münasibətlər var:

“Müharibə zamanı Azərbaycanın Ukraynaya humanitar yardım etməsi dostluq münsibətlərinin təzahürüdür. Bununla yanaşı iqtisadi sahədə çoxşaxəli fəaliyyət var və bunun inkişaf etidirilməsi Bakı ilə yanaşı Kiyevin də maraqlarına uyğundur. Müharibənin davam etməsi isə təbii ki, tərəflərlə yanaşı bölgə üçün də təhdidlər yaradır.

Azərbaycan, Türkiyə və digər ölkələrə məxsus gəmilərin vurulması narahatedici məqamlardandır və bu tendensiyanın qarşısı alınmalıdır. Hesab edirəm ki, Ceyhun Bayramovun Ukrayna səfəri hazırki məqamda çox önəmlidir və tərəfdaşlıq münasibətlərinin tələblərindən irəli gəlir”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR