"İsrail əsgərlərinin bütün Livan ərazisindən çıxarılması üçün çalışacağıq"

Livan hökuməti İsrail işğalına son qoymağı ölkənin əsas prioriteti elan edib.
Sfera.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam İsrail ordusunun geri çəkildiyi Zutar əl-Qərbiyyə şəhərinə səfəri zamanı bildirib.
Livan bayrağını qaldıran baş nazir ölkəsinin bütün ərazilərinin işğaldan azad edilməsi üçün diplomatik səylərin davam etdiriləcəyini vurğulayıb.
“İşğala son qoymaq hökumətimizin milli prioritetidir. Hələ yolun başlanğıcındayıq, lakin İsrail qoşunlarının bütün Livan ərazisindən çıxarılması üçün qətiyyətlə çalışacağıq”, – deyə o bildirib.
Nəvaf Salam qeyd edib ki, hökumət artıq məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün lazımi resursları səfərbər edir. Onun sözlərinə görə, Livan ordusu bölgədə təhlükəsizliyi təmin etməklə yanaşı, yolların açılması və dağıntıların aradan qaldırılması istiqamətində də fəaliyyət göstərir.
Baş nazir əlavə edib ki, vətəndaşların doğma torpaqlarına qayıtması ölkənin birliyinin və suverenliyinin bərpasının ən mühüm simvollarından biridir.
Qeyd edək ki, İsraillə əldə olunan razılaşmaya əsasən, Zutar əl-Qərbiyyə Livanın cənubunda yaradılan ilk “pilot zona”nın mərkəzi seçilib. Bu ərazidə Livan ordusunun sabitliyi təmin etməsi və bölgədə silahlı qrupların tərksilahı istiqamətində fəaliyyətə başlaması nəzərdə tutulub.
Bəsti Rəfizadə
Sfera.az
