“Bu səfərlərin çox böyük siyasi mənası var” – Prezident

“Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi”.
Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.
Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”, – deyə Prezident vurğulayıb.
