ABŞ 60 ölkəyə qarşı yeni tariflər tətbiq edəcək

ABŞ 60 ölkəyə qarşı yeni tariflər tətbiq edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp onlarla ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp qlobal ticarət siyasətini yenidən sərtləşdirmək niyyətindədir. Hazırda qüvvədə olan 10 faizlik ümumi idxal rüsumlarının müddəti iyulun 24-də başa çatır. Mənbələrin sözlərinə görə, Ağ Ev rəhbəri iqtisadi risklərlə bağlı müşavirlərinin xəbərdarlıqlarına baxmayaraq, yeni tarifləri bu həftə ərzində qüvvəyə mindirə bilər.

Xatırladaq ki, 2026-cı ilin fevralında ABŞ Ali Məhkəməsi əvvəlki idxal rüsumlarını qanunsuz hesab etdikdən sonra Vaşinqton müvəqqəti olaraq 10 faizlik tarif rejiminə keçmişdi.

Məlumata görə, yeni rüsumlar məcburi əmək praktikasına dair aparılan araşdırmanın nəticələrinə əsasən tətbiq ediləcək. Bu addım Trampa Ali Məhkəmənin ləğv etdiyi fövqəladə səlahiyyətlərdən istifadə etmədən yeni tariflər tətbiq etməyə imkan verəcək.

Yeni gömrük rüsumlarının 10-12,5 faiz arasında olacağı gözlənilir. Onların Avropa İttifaqı, Çin, Yaponiya, Hindistan, Meksika, Cənubi Koreya, Vyetnam, Tayvan, Sinqapur, İsveçrə, Norveç, İndoneziya, Malayziya, Tailand, Banqladeş və Kamboca da daxil olmaqla təxminən 60 ölkəni əhatə edəcəyi bildirilir.

Nəşr qeyd edir ki, Trampın bu addımı ABŞ-İran arasında artan gərginlik fonunda atılır. Bu qarşıdurmanın enerji bazarlarında qeyri-sabitliyə səbəb olduğu, ABŞ-da isə benzin qiymətlərinin bir qallon üçün 4 dolları keçdiyi vurğulanır.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Trampın bəzi tariflərini yumşaltmış, mal əti, qəhvə, eləcə də polad və alüminium məhsullarına tətbiq olunan rüsumlarda güzəştlər etmişdi.

İyulun 21-də isə Donald Tramp Kanadadan idxal olunan bəzi məhsullara əlavə 50 faizlik gömrük rüsumu tətbiq edib. Yeni məhdudiyyətlər avtomobillər, spirtli içkilər və süd məhsullarını əhatə edir.

İnci

Sfera.az

PAYLAŞ