HƏMAS-ın yeni rəhbəri region üçün nə vəd edir? - AÇIQLAMA

HƏMAS-da uzun müddətdir boş qalan rəhbərlik postuna yeni təyinat həyata keçirilib. Hərəkatın siyasi bürosunun yeni rəhbəri Xəlil əl-Həyya seçilib.
Bəs Xəlil əl-Həyya kimdir və onun HƏMAS-a rəhbər seçilməsi regiondakı proseslərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Xəlil əl-Həyya HƏMAS-ın qurucu nəslinə mənsub, uzun illər təşkilatın siyasi rəhbərliyində təmsil olunan və son dövrdə atəşkəs və girov mübadiləsi danışıqlarında HƏMAS-ın əsas nümayəndəsi kimi çıxış edən fiqurdur.

Politoloqun sözlərinə görə, onun siyasi büroya rəhbər seçilməsi təşkilat daxilində rəhbərlik boşluğunun aradan qaldırılması ilə yanaşı, HƏMAS-ın vahid komanda altında fəaliyyətini davam etdirmək niyyətini göstərir:
"Eyni zamanda, əl-Həyyanın İran və regiondakı müttəfiqlərlə yaxın əlaqələrə malik olması HƏMAS-ın mövcud siyasi-xətti qoruyacağını göstərən mühüm siqnal kimi qiymətləndirilir.
Onun rəhbərliyi dövründə İsrail-HƏMAS qarşıdurmasının qısa müddətdə yumşalacağı ehtimalı yüksək görünmür. Əksinə, Qəzzada atəşkəs danışıqlarının daha mürəkkəb mərhələyə keçməsi, silahsızlanma məsələsində HƏMAS-ın daha sərt mövqe nümayiş etdirməsi və İranın dəstəklədiyi regional aktorlarla koordinasiyanın güclənməsi ehtimalı artır".
Z.Qarayeva vurğulayıb ki, bununla yanaşı, əl-Həyyanın danışıqlar prosesində təcrübəli fiqur olması vasitəçilər üçün kommunikasiya kanallarının tam bağlanmaması baxımından müəyyən imkanlar da yarada bilər.
Firuzə Əliyeva
Sfera.az
