İrandan xəbərdarlıq: “Ordumuz istənilən ssenariyə hazırdır”

İrandan xəbərdarlıq: “Ordumuz istənilən ssenariyə hazırdır”
Kateqoriya məlum deyil
T

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi ölkəsinə qarşı mümkün hərbi hücumlara sərt cavab veriləcəyini bəyan edib. O bildirib ki, İran Silahlı Qüvvələri istənilən ssenariyə hazırdır və ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəkayi bu fikirləri Livanda fəaliyyət göstərən “Əl-Məsirə” telekanalına müsahibəsi zamanı səsləndirib.

İran rəsmisi vurğulayıb ki, ölkəsinə qarşı hər hansı hücum cavabsız qalmayacaq və buna “qətiyyətli və birbaşa” şəkildə reaksiya veriləcək.

“Silahlı qüvvələrimiz istənilən ssenariyə tam hazırdır. İran xalqının təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirlər görüləcək”, – deyə Bəkayi bildirib.

XİN sözçüsü qeyd edib ki, İran Silahlı Qüvvələri diplomatik prosesləri dəstəkləyir. Bununla yanaşı, o, ölkəsinin öz milli maraqlarından geri çəkilməyəcəyini və İran xalqının lazım gəldiyi təqdirdə bütün gücü ilə vətənini müdafiə edəcəyini vurğulayıb.

Bəkayi ABŞ ilə mümkün anlaşma memorandumu ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, Tehranın bu məsələdə mövqeyi əvvəldən dəyişməz olaraq qalır.

“Bizim mövqeyimiz ilk gündən aydındır. Prinsipimiz öhdəlik müqabilində öhdəlikdir. Qarşı tərəf öhdəliklərini yerinə yetirdiyi halda, İran da öz üzərinə düşən öhdəlikləri icra etməyə hazırdır”, – deyə XİN sözçüsü əlavə edib.

Qeyd edək ki, son dövrlər ABŞ və İran arasında münasibətlər yenidən gərginləşib. Tərəflər arasında qarşılıqlı ittihamlar və təhlükəsizliklə bağlı açıqlamalar regionda vəziyyətin diqqətlə izlənilməsinə səbəb olub.

Mənsumə

Sfera.az

PAYLAŞ