Lavrovdan Bakı-Moskva münasibətləri ilə bağlı mesaj

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada görüş keçiriblər. Görüşdə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın perspektivləri, eləcə də Cənubi Qafqazdakı vəziyyət və “3+3” regional əməkdaşlıq platforması ətrafında müzakirələr aparılıb.
Sfera.az xəbər verir ki, görüşün mətbuata açıq hissəsində çıxış edən Sergey Lavrov iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib.
Nazir xatırladıb ki, 22 fevral 2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsi” Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin əsasını qoyub.
“2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinin təqdim etdiyi potensialın tam şəkildə reallaşdırılması istiqamətində qətiyyətlə irəliləyirik”, - deyə Lavrov vurğulayıb.
Ceyhun Bayramov isə bildirib ki, qlobal iqtisadiyyatda mövcud çətinliklərə baxmayaraq, Bakı ilə Moskva arasında əməkdaşlıq müsbət dinamika üzrə inkişaf edir.
Nazirin sözlərinə görə, keçirilən görüşdə 2025-ci ilin iqtisadi göstəriciləri, qarşılıqlı ticarət əlaqələri və yaxın dövr üçün müəyyənləşdirilən strateji hədəflər ətraflı müzakirə olunacaq.
“Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi dinamikanın son dərəcə müsbət olduğunu düşünürük. Bugünkü görüşdə 2025-ci ilə aid iqtisadi göstəriciləri, rəqəmləri və yaxın gələcək üçün müəyyənləşdirilmiş strateji məqsədləri ətraflı nəzərdən keçirəcəyik”, - deyə Bayramov bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik məsələləri də əsas müzakirə mövzularından biri olub.
Tərəflər Cənubi Qafqazdakı mövcud vəziyyəti, bölgədə davamlı sülhün təmin olunması istiqamətində görülən işləri, həmçinin Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, Ermənistanın və Gürcüstanın iştirakı nəzərdə tutulan “3+3” regional əməkdaşlıq platformasının gələcək fəaliyyət perspektivlərini də müzakirə ediblər.
Bəsti Rəfizadə
