Bakı-Moskva xəttində soyuqluq aradan qalxır? – Politoloqdan AÇIQLAMA

İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Bəs bu səfər hansı məqsəd daşıyır? İki ölkə arasında soyuq münasibətlərin aradan qalxmasına nə kimi faydası olacaq?
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib.
O bildirib ki, bu görüş hazırki siyasi vıziyyət üçün olduqca mühüm görüşdür:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri və Rusiya xarici işlər naziri Sergey Lavrovla planlaşdırılan görüşü və ümumiyyətlə bu kimi yüksək səviyyəli diplomatik təmaslar iki ölkənin fikir ayrılıqlarını dialoq yolu ilə müzakirə etmək, qarşılıqlı narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək və münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan və Rusiya arasında münasibətlər uzun illər ərzində qarşılıqlı maraqlara əsaslanan strateji xarakter daşıyıb. Ticarət, enerji, nəqliyyat, regional təhlükəsizlik, humanitar əlaqələr və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələr tərəfləri bir-birinə bağlayan əsas istiqamətlərdəndir. Bu baxımdan, son dövrdə yaranmış fikir ayrılıqları iki ölkənin uzunmüddətli maraqlarını tam əks etdirmir və əslində diplomatik kanallar vasitəsilə aradan qaldırıla biləcək məsələlərdir”.

Politoloqun sözlərinə görə, Moskvadakı görüşün əsas məqsədlərindən biri həm də açıq dialoq vasitəsilə qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə etməkdir:
“Bu da təbiidir, çünki diplomatiyanın əsas prinsiplərindən biri məhz fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsidir. Bu baxımdan, görüş zamanı siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri və humanitar əlaqələrin də gündəmdə olacağı gözləniləndir. Səfərin mühüm cəhətlərindən biri də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda tərəflərin mövqelərini uzlaşdırmaq cəhdidir. Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasını xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir. Rusiya isə Cənubi Qafqazda regional aktor olaraq prosesləri yaxından izləyir. Bu baxımdan, tərəflər arasında müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsi mümkün anlaşılmazlıqların dərinləşməsinin qarşısını ala və qarşılıqlı etimadın bərpasına xidmət edə bilər. Təbii ki, bu səfər münasibətlərdə mövcud bütün problemlərin qısa müddətdə həll olunacağı anlamına da gəlmir. Dövlətlərarası münasibətlərdə etimadın bərpası ardıcıl siyasi dialoq, qarşılıqlı hörmət və verilən öhdəliklərə əməl olunması ilə mümkün olur. Bizim nəinki rusiya ilə, hər hansı digər bir ölkə ilə də problemimiz yoxdur. Problemlər bizə qarşı ədalətsiz mövqe nümayiş olunanda və ya ölkəmizin milli maraqlarına cavab verməyən davranış sərgilənəndə baş verir. Odur ki, Rusiya da bu və ya digər şəkildə ortada olan soyuqluğu aradan qaldırmaq istəyirsə o zaman öz siyasətinə, qonşularla münasibətlərinə nəzər salmalı və götürülən öhdəliklərə uyğun davranış sərgiləməlidir. Düşünürəm ki, görüşldə ortaq maraqların ön plana çıxarılması fonunda, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional layihələrin davam etdirilməsi və siyasi dialoqun intensivləşdirilməsi mümkün olacaq”.
Bəsti Rəfizadə

