Sərhədlərdəki sabitlik - Azərbaycanı maraqlandıran əsas hədəfdir

"Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra müharibəni sonsuz etməmək və insan itkilərinin qarşısını almaq üçün məsuliyyət nümayiş etdirərək, lazımi anda dayanmağı bacarıb”.
Sfera.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Şuşada keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışından irəli gələn strateji məqamları şərh edərkən açıqlayıb.
İ.Məmmədov qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi hazırda dünyada baş verən mürəkkəb proseslərin kəsişmə nöqtəsində yerləşir:
"Ölkəmiz şimalda Rusiya-Ukrayna, cənubda isə Yaxın Şərq və İran istiqamətində müharibə aparan qonşuların əhatəsindədir. Belə bir həssas şəraitdə ölkəmizi qorumaq və regional sülhə töhfə vermək dövlətimizin əsas hədəfidir. Bizim yeganə istəyimiz bütün sərhədlərimiz boyu sabitliyin hökm sürməsidir, çünki ölkə daxilində sülh olsa belə, sərhədlər boyu davam edən döyüşlər tam təhlükəsizlik mühiti yaratmır".
Nazirlər Kabinetinin sözçüsü vurğulayıb ki, 30 illik müharibə və gərginlikdən sonra Azərbaycanın qazandığı tam sülh şəraiti ölkəyə böyük iqtisadi və psixoloji dividendlər gətirib:
"Regional sabitlik ölkəmizə investisiya axınını artırıb, iqtisadi inkişafı sürətləndirib və cəmiyyətdə müsbət psixoloji ab-hava formalaşdırıb. Şimalda və cənubda qurulacaq sülh isə hər hansı birtərəfli ambisiyalara deyil, beynəlxalq hüququn universal prinsiplərinə əsaslanmalıdır".
İ.Məmmədov həmçinin beynəlxalq vasitəçilik səylərinə toxunaraq, Pakistanın Baş nazir Şahbaz Şərifin və Feldmarşal Asim Munirin ABŞ və İran arasında göstərdiyi vasitəçilik missiyasını yüksək qiymətləndirib.
Yaxın Şərqdəki mövcud vəziyyətə münasibət bildirən mətbuat katibi, keçmiş faciələri və Xocalı soyqırımını unutmadan, sülhün ən ali məqsəd olduğunu diqqətə çatdırıb:
"Yaxın Şərqdəki tərəflər eskalasiyanı qlobal müharibəyə çevirmədən, qisas hissini kənara qoyub mümkün qədər tez dayanmalıdırlar. Hərbi-siyasi müdriklik məhz lazımi anda dayanmağı bacarmaqdan keçir".
Bəsti Rəfizadə
