Tramp: "İranla danışıqlarda məqsədimizə nail olmuşuq"

Tramp: "İranla danışıqlarda məqsədimizə nail olmuşuq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla aparılan danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatdığını bildirib.


Sfera.az xəbər verir ki, Tramp bu barədə CNBC telekanalına müsahibəsində danışıb.


"Biz danışıqlar aparırıq. Düşünürəm ki, onlar bizə lazım olan hər şeyə razılaşacaqlar", - ABŞ lideri bildirib.


Tramp eyni zamanda İranla uzunmüddətli müharibə aparmaq niyyətində olmadığını vurğulayıb. O, ABŞ-nin əvvəlki hərbi əməliyyatlarını xatırladaraq bildirib ki, Vyetnam, Əfqanıstan və Koreya müharibələri illərlə davam edib.
"İranda isə cəmi dörd aydır ki, bu prosesdəyəm. Bu müddətdə nə etmişəm? Onları hərbi baxımdan məğlub etmişəm", - Tramp qeyd edib.


Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran da daxil olmaqla bir sıra İran şəhərləri hücuma məruz qalmışdı. Buna cavab olaraq İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlamış, eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə zərbələr endirilmişdi.


İyunun ortalarında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. İyunun 21-22-də İsveçrənin Burgenştok kurortunda memorandumun icrası ilə bağlı ABŞ və İran nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqlar keçirilib.


Danışıqların ilk mərhələsindən sonra Pakistan və Qətər tərəfindən yayılan birgə bəyanatda görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi, texniki məsləhətləşmələrin davam etdirilməsi üçün əsas yaradıldığı bildirilib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ