BMT ABŞ-ni İrana hücumdan çəkindirə biləcək? - AÇIQLAMA

İranın BMT-dəki daimi nümayəndəsi, Əmir Səid İrəvani, ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarının real hərbi aqressiya riskini yaratdığını bildirib. Bu barədə İrəvani BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Ceyms Kariukiyə ünvanladığı məktubda qeyd edib.
Məktubda bildirilir ki, Trampın bəyanatları region üçün fəlakətli nəticələr doğura və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcək hərbi müdaxilə ehtimalını artırır.
Bunun fonunda sual yaranır: BMT belə vəziyyətlərdə nə dərəcədə təsirli mexanizmlərə malikdir? Beynəlxalq hüquq baxımından preventiv (qabaqlayıcı) hərbi müdaxilə legitim sayıla bilərmi?
Siyasi şərhçi Ülviyyə Zülfüqar Sfera.az-a açıqlamasında bildirib ki, İranın BMT-dəki daimi nümayəndəsi tərəfindən səsləndirilən fikirlər daha çox çəkindirmə siyasəti kontekstində qiymətləndirilir.

Onun sözlərinə görə, Rəsmi Vaşinqton uzun illərdir ki, İranın nüvə proqramını və regiondakı hərbi-siyasi təsirinin yalnız regional deyil, qlobal təhlükəsizlik problemi olduğunu bildirir:
“Bu baxımdan sərt bəyanatlar birbaşa hərbi müdaxilə anonsu kimi deyil, potensial təhlükəni önləməyə yönəlmiş strateji mesaj kimi interpretasiya olunur. BMT mexanizmlərinə gəlincə, Antonio Quterreş rəhbərliyində qurumun əsas rolu münaqişələrin diplomatik yolla həllinə şərait yaratmaqdır. Əgər Təhlükəsizlik Şurası effektiv qərar qəbul edə bilmirsə və real təhlükə mövcuddursa, dövlətlərin özünümüdafiə hüququ qüvvədə qalır. ABŞ təhlükəsizlik doktrinasında xüsusilə nüvə silahlarının yayılması kontekstində bu anlayış daha geniş şərh olunur. Arqument ondan ibarətdir ki, əgər potensial təhlükə yüksək dağıdıcı gücə malikdirsə, onun reallaşmasını gözləmək daha böyük risk yarada bilər. Bu, 2000-ci illərdən etibarən ABŞ təhlükəsizlik strategiyalarında formalaşmış yanaşmadır”.
Siyasi şərhçi qeyd edib ki, rəsmi Vaşinqton açıq şəkildə hərbi variantı son çarə kimi təqdim edir və diplomatik danışıqların mümkünlüyünü istisna etmir:
“Yəni çəkindirmə siyasəti effektiv olarsa, real hərbi əməliyyata ehtiyac qalmaya bilər, sərt ritorika paradoksal olaraq müharibənin qarşısını almağa xidmət edə bilər. Rəsmi Vaşinqtonun yanaşması bəzi güclər tərəfindən müzakirə edilsə də, təhlükəsizlik prioritetləri kontekstində özünü əsaslandırmağa çalışır və əsas məqsədin regional sabitliyi qorumaq olduğunu vurğulayır”.
Niyaz Hacıyev
Sfera.az
